Qırtımov azarkeşlərə “ilişdi”: “Simurq”un əvvəlki vaxtlarını unudublar - MÜSAHİBƏ
17.09.2014 - 12:29
Qırtımov azarkeşlərə “ilişdi”: “Simurq”un əvvəlki vaxtlarını unudublar - MÜSAHİBƏ

“Simurq”un kapitanı İlkin Qırtımov klubunun saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, sağ cinah müdafiəçisi Zaqatala təmsilçisinin son 2 turda məğlubiyyətinin səbəblərini açıqlayaraq, azarkeşlərə də səslənib.

 

- “Simurq” Topaz Premyer Liqasının son 2 turunda məğlubiyyət acısı yaşayıb. Bunun səbəbi nədir?

- Komandamız mövsümə çox yaxşı hazırlıq mərhələləri keçdi. Fikrimcə, hazırda yalnız bir problemimiz var. O da hücum xətti ilə bağlıdır. Lukas Tresnak hələ tam komandaya uyğunlaşa bilməyib. Tək Draqan Çeranla da çox çətindir. Onu da “çox sağ olsunlar” 4 oyunluq cəzalandırıblar. Rəşad Eyyubov boşluğu doldurmağa çalışır. Ancaq  Draqansız komandaya çox çətindir. “Neftçi” və “Qəbələ” oyunlar da bunu bir daha göstərdi. Məğlub olduq. Ancaq qeyd edim ki, rəqib heç də əziyyət çəkib qol vurmadı. Öz səhvlərimizdən qapımızdan top buraxdıq.

 

- Qarşıda “Simurq”u hələ çətin və uzun marafon gözləyir. Sizcə sonda komanda qarşıya qoyulan məqsədə çata biləcək?

- İnanıram ki, bəli. İki oyunla çempionat qurtarmayıb. Qarşıdakı turlarda itirdiyimiz xalların əvəzini artıqlaması ilə çıxacağıq. Biz özümüzə inanırıq. İndi hər kəs “Simurq”un gücünü bilir və görür. Artıq əvvəlki kimi deyilik. Bütün rəqiblər bizdən çəkinirlər. Bilirlər ki, asan rəqiblə qarşılaşmayacaqlar.

 

- Topaz Premyer Liqasındakı rəqiblərinizi necə dəyərləndirirsiniz?  

- 90 dəqiqə oynanılmadan heç bir matç udulmur. Son oyunumuz da bunun sübutu oldu. Bizim üçün zəif rəqib yoxdur. Hər bir komandaya eyni səviyyədə yanaşırıq və hər tura final kimi baxırıq. Mütləq qalib gəlməliyik.

 

- “Simurq”u qarşıda “Qarabağ”la çətin səfər oyunu gözləyir. Bu qarşılaşma haqqında nə deyərdiz?

- “Qarabağ”ın bu həftə Avroliqada oyunları var. Bu görüşdən üç gün sonra bizlə görüşə çıxacaqlar. Təbii ki, gözləmək olar ki, bu onların oyunlarına təsir göstərəcək. Ancaq buna arxayın olmalı deyilik. Rəqibi yaxşı analiz edib, qalib gəlməyə çalışacağıq.

 

- Son 2 məğlubiyyətdən sonra xüsusən azarkeşlər məşqçilər heyətini və futbolçuları qınamağa başlayıb. Sosial şəbəkələrdə xoşagəlməz fikirlər səsləndiriblər. Bununla bağlı kapitanının fikirləri necədir?

- Həmin azarkeşlər arasında olan ağsaqqallar yəqin “Simurq”un əvvəlki vaxtlarını unudublar. Komanda hər bir rəqibə məğlub olurdu. İndi isə güclü komandamız var. Hər bir rəqib bizimlə hesablaşmalı olur. Heç kəs bizlə oyunda asanlıqla xal qazanmır. Belə çıxır ki, qalib gələndə yaxşıyıq, məğlub olanda pis? Kim istəyər ki, uduzsun? Hər oyunda bizi dəstəkləməyə yaşlı, cavan, uşaq gəlir. Hətta əlil arabasında belə gəlib bizi qələbəyə səsləyən azarkeşlərimiz var. Hansı futbolçu istəyər ki, onların qabağında meydanı başıaşağı tərk eləsin? Özləri də oyun vaxtı o qədər əziyyət çəkirlər. Əgər bizə dəstək olmaq istəyirlərsə, sona qədər yanımızda olsunlar. Heç kəs əziyyət çəkmədən də pul qazanmır. Qazandığımızdan da həmişə ehtiyacı olanlara kömək edirik. O fikirləri bildirənlər də, bunu yaxşı bilir. Bunu hər hansı uşaq yazsaydı, heç fikir belə verməzdik. Ağsaqqal aranı sakitləşdirməkdən, vəziyyəti düzəltməkdən, əksinə, bu barədə fikir səsləndir. Hörmət etdiyimiz adamdan belə bir hərəkət görəndə bizə çox pis təsir göstərir.

0