“Qapıçımızın üzərinə sabah böyük iş düşəcək”
17.09.2014 - 17:44
“Qapıçımızın üzərinə sabah böyük iş düşəcək”

“Düşünürəm ki, oyunda böyük ajiotaj var. Rəqibi tanımağa çalışmışıq. “Sent-Etyen” hər birimiz üçün maraqlı rəqibdir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 

Avroliqanın F qrupunun ilk matçı olan “Qarabağ” – “Sent-Etyen” görüşü öncəsi hər iki baş məşqçinin iştirakı ilə mətbuat konfransı keçirilib. İlk öncə konfrans zalına Qurban Qurbanov daxil olub.


42 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqqında ümumi fikirlərini bildirib: “Rəqib həm hücum, həm də müdafiədə yaxşı oynayan komandadır. Azarkeşlər üçün maraqlı oyun olacaq. Biz də yaxşı hazırlaşmışıq. İnanıram ki, oyunun nəticəsi yekunda onları sevindirəcək”.

Çalışdırıcı “Sent-Etyen”in oyunlarını izləməsi haqda bunları söyləyib: “Karabükspor”dan heç bir şey öyrənməyə çalışmamışıq. Bir dəfə də qeyd etmişdim ki, indi texnologiya inkişaf edib. Biz onların son oyunlarını analiz etməyə, oyunçularını daha yaxından tanımağa çalışmışıq. Bizim nümayəndəmiz “Sent-Etyen”in “Kan”la matçını izləməyə getmişdi. Eləcə də “İnter”in son çempionat matçı nümayəndəmiz tərəfindən izlənilib”.

Rəqibin standard zərbələrdən daha təhlükəli olması ilə bağlı verilən suala Qurbanov belə cavab verib: “Düz qeyd etdiniz ki, biz standard vəziyyətlərdən qol buraxmışıq. Qapıçımızın üzərinə sabah böyük iş düşəcək. Bunun üzərində çalışırıq. Standard vəziyyəti ustalıqla yerinə yetirən oyunçuları var. Ona görə də çalışacağıq ki, mümkün qədər az cərimə edək”.

 

0