“Problem olsaydı, “Qarabağ” və “Sent-Etyen” bizə qazondan narazılığını bildirərdi”
18.09.2014 - 17:01
“Problem olsaydı, “Qarabağ” və “Sent-Etyen” bizə qazondan narazılığını bildirərdi”

“Qazonda 1-2 yerdə calaqların yeri bilinir. Bu öz-özünə bərkiyəcək. 1 həftəyə o da bitişəcək və orda heç nə qalmayacaq”. Bunu apasport.az saytına Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

 

Tofiq Bəhramov adına Respublika stadionu “Qarabağ” – “Sent-Etyen” oyununa hazırdır. Artıq mərkəzi arenanın qazonu ideal futbol oynamağa imkan verir.

 

İsmayılovun sözlərinə görə, qazondakı kiçik problemlər müvəqqətidir və oyunun gedişatına heç bir xələl gətirə bilməz: “Qazon bizə Hollandiyadan -10 dərəcə şəraitində gəlir. Rulonun qıraq tərəfləri bir qədər sarı olur. Bu məhz həmin yerlərdir. Oyun getdikcə bu yer pisləşməyəcək. Bundan narahat olmayın. 10 min kvadratlıq qazondur. Orda 1-2 kvadrat problem var. Bunu Olimpiya stadionunun qazonunu salan mütəxəssislərdən də soruşa bilərsiniz. Hollandiya və Belçikadan gələn mütəxəssislər bizim arenada da bu işi görüb. Əgər böyük bir problem olsaydı, “Qarabağ” və “Sent-Etyen” tərəfi bizə qazondan narazılığını bildirərdi”.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” görüşü bu gün saat 21:00-da başlayacaq.

 

Səbuhi TOFİQOĞLU

0