[b]Tarixi xal, tarixi qərar[/b]
19.09.2014 - 23:00
[b]Tarixi xal, tarixi qərar[/b]

Son iki gündə Azərbaycan futbolunda sevindirici hal yaşandı. Öncə Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” qrup mərhələsində keçirdiyi ilk oyuna xalla başladı.

 

Baş məşqçi Qurban Qurbanovun yetirmələrinin rəqibi heç də asan komanda deyildi. Fransanın ən köklü klublarından sayılan “Sent-Etyen” Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam təmsilçisinin nəyə qadir olduğunu gördü. Bakıya 3 xal ümidi ilə gələn “yaşıllar” komandamızın təzyiqi ilə üzləşdiyindən, müdafiədə “oturmağa” məcbur oldu və bu da “Qarabağ”ın “asan yem” olmadığını bir daha isbatladı.

 

İlk dəqiqələrdən hücuma atılan təmsilçimiz 10 qat Fransa çempionunun qapısına 11 zərbə endirdi ki, 90 dəqiqə ərzində stadionu tamamilə dolduran azarkeşlərin alqışını qazandı. Təmsilçimiz bir neçə 100 faizlik qol imkanı yaratsa da, təəssüf ki, Reynaldo bu fürsətlərdən yararlana bilmədi.

 

Braziliyalı qol vura bilməsə də, o, həm stadiona gələn fanatlara, həm də mavi ekran qarşısında matçı izləyənlərə xoş həyəcanlar yaşatmağı bacardı. “Köhlən atlar”ın qrup mərhələsində qazanılan ilk xalın ertəsi günü isə ölkəmiz tarixi qərara sevindi.

 

Söhbət sentyabrın 19-u Azərbaycan futbol tarixinə düşən tarixi qərardan. Hansı ki, İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində, UEFA-nın İcraiyyə Komitəsinin yığıncağında səsvermə nəticəsində Bakı AVRO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri oldu.

 

Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) kimi şəhərləri geridə qoyan Bakı Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssellə (Belçika) birgə qitə birinciliyini qəbul edəcək.

 

Bu isə ölkəmizdə bir ilk olacaq ki, yerli azarkeşlər AVRO-2020-nin həm qrup oyunlarından üçünü, daha sonra 1/4 final mərhələsinin bir oyununu izləmək şansını qazanacaq. Təkcə bu nailiyyətin özü Azərbaycan üçün ayrıca bir uğurdu.

 

Bundan əvvəl ölkəmizdə qızlar arasında yalnız U-17 dünya çempionatı keçirilmişdirsə, gələn il Bakıda I Avropa Oyunları, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatı və Şahmat Olimpiadası, daha sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları da reallaşdırılacaq. Azərbaycanın idman ölkəsi kimi tanınması yolunda böyük turnirlərdi. Davamı gəlsin...

 

İsmayıl NƏSİBLİ

0