“Xəzər Lənkəran”ı siyahıdan silmək olmaz” – MÜSAHİBƏ
20.09.2014 - 12:50
“Xəzər Lənkəran”ı siyahıdan silmək olmaz” –  MÜSAHİBƏ

“İnter” klubunun xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç Topaz Premyer Liqasının VI turunda “Bakı” üzərində qazanılan 7:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Böyük hesablı qələbə qazandınız. Bu barədə nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, bütün çempionat oyunları kimi, bu qarşılaşmaya da ciddi yanaşırdıq və yaxşı hazırlaşırdıq. “Bakı”nın ciddi problemlərlə üzləşdiyini bilirdik və bundan istifadə edib, qələbə qazanmalı idik. Sevinirəm ki, bunu bacarıb qalib gəldik. Böyük hesablı qələbəyə də layiq oyun göstərdik.

 

- Biabırçı hesabla uduzmasında “Bakı”nın maddi problemlərinin rolu oldumu?

- Onlar ötən mövsüm çox güclü idilər. Amma birdən-birə bu komandada eniş yaşandı. İndi demək olar ki, komandada bütün futbolçular gəncdir. Düşünmürəm ki, hesabın belə böyük olmasında təkcə rəqib komandadakı problemlər rol oynadı. Biz də yaxşı oyun göstərdik. Layiqli qələbə qazandıq. “Bakı”nın “Qarabağ”la oyunda da eyni problemləri var idi. Amma onlarla heç-heçə etmişdilər.

 

- Bundan öncəki 5 turda oynamamağınıza səbəb nə idi?

- Bunun səbəbini bilmirəm. Məşqçi belə qərar vermişdi. Mən hər zaman meydana çıxmağa hazır oluram. Sadəcə, məşqçi belə istəyir və belə də olur. Yəqin digər futbolçuların meydanda lazım olduğunu düşünüb.

 

- Amma ötən mövsüm “İnter”in əvəzedilməz futbolçusu idiniz...

- Düzdü, ötən mövsüm demək olar bütün oyunlarda meydana çıxmışdım. Komandada hər şey baş məşqçinin qərarına bağlıdı. Bizim yaxşı komandamız var. Meydanda kim olursa-olsun, qalib gəlməliyik.  

 

- keçirdiyiniz 6 oyunda cəmi bir məğlubiyyətiniz var. Bu, uğurlu nəticədi?

- Uğurlu demək olar. Amma daha da yaxşı ola bilərdi. Çalışacağıq ki, ardını da gətirək. Çempionatda iddialı komandalar çoxdu. “Qarabağ”, “Qəbələ” və “Neftçi” kimi çempionluq uğrunda sona qədər mübarizə aparacaq komandalar var. Bizi çətin marafon gözləyir. Ona görə də bütün oyunlardan 3 xalla ayrılmaq lazımdır. Çempionatda bir məğlubiyyətimiz var və bu  “Xəzər Lənkəran”la oyunda olub. Yeri gəlmişkən, bu komandanı da siyahıdan silmək olmaz. Düzdü, orda tamamilə yeni bir komanda yaranıb. Amma yenə də Lənkəran klubu da qızıl medallara namizədlərdəndi.

 

Elsevər MƏMMƏDOV

0