Arif Əsədov: Hakim vaxtında düzgün qərar versəydi... - MÜSAHİBƏ
30.09.2014 - 17:00
Arif Əsədov: Hakim vaxtında düzgün qərar versəydi... - MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının VII turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub oldunuz. Oyunda ən çox müzakirə olunan epizod isə penalti il bağlıdır. Sizin bu barədə fikirləriniz necədir?

- Mən oyundan sonra fikrimi dedim. Bilirsiz, əgər iki eynigüclü komanda üz-üzə gəlirsə və bərabər səviyyədə oyun gedirsə, hakimin belə penalti verməsi həmin oyunu “sındırır”. Bu oyunda da eyni şey baş verdi. Həm də penalti verilən epizoda qədər artıq Reynaldo Erik Ramosa qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə almalı idi. 11 metrlik cərimə zərbəsində də əsas səbəbkar məhz bu futbolçudur. Hakim vaxtında düzgün qərar versəydi, bizim qapımıza penalti təyin olunmayacaqdı. Bunu da qoyuram kənara. Tutaq ki, hakim Reynaldoya “qırmızı” vermədi və yaxşı oldu. Çünki belə matçlarda komandalar meydanda bərabər olsalar, daha ədalətlidir. Lakin penalti zamanı düzgün qərar vermək lazım idi. Hakim olmayan bir 11 metrlik cərimə zərbəsi verib nəticəyə təsir etdi. Mən də bir məşqçi kimi ikinci hissədə çətinlik çəkdim. Biz evdə oynayırdıq və qələbə qazanmalı idik. Məğlubiyyətin isə hansı hesabla olmasının fərqi yoxdur. İkinci yarıda dəyişiklik etmək istədik. Amma burada limit mane olurdu. Çünki digər futbolçunu buraxmaq üçün meydandan hansısa legioneri çıxarmalıyam. Karlos Kordoso, Erik Ramos, Kaue Silva və başqa futbolçulardan biri çıxarıb digərini buraxmalıyam. Onlar da yaxşı oynayır. Hücumda dəyişiklik etmək istəyərkən yenə limit mane olur. “Qarabağ” oyunu əks-hücumlarda qurmuşdu və bundan maksimum yararlandı. Belə güclü komandaya boşluqlar verdik. Onlar da məharətlə istifadə etdilər. Həmçinin "Qarabağ" pik nöqtədədir.

 

- Reynaldo müsahibəsində deyib ki,  “Neftçi”nin oyunçuları aqressiv oynayırdı və bu bizə də təsir etmişdi...

- Sərt oynamağa qadağa qoyulmayıb. Məsələn, mən bir məşqçi kimi futbolçularıma deyə bilərəm ki, sərt oynayın və rəqib hücumçular sizdən çəkinsin. Bu, normaldır. Kobud və aqressiv oyun isə başqadır. Sadəcə, “Qarabağ” – “Neftçi” oyunu özü kobud axarda gedirdi. Futbolçular da belə oyunda öz əsəblərinə sahib çıxmalı idi. Reynaldo kimi futbolçu özünü toparlaya bilmirsə, daha nə deyim?

 

 

- Yəni, siz özünüz futbolçularınıza sərt oynamağı tapşırmışdız?

- Yox, bu oyunun gedişinə uyğun olaraq belə idi. Bu cür matçlarda məşqçi nə qədər çalışsa da, vəziyyəti dəyişdirsin, alınmır. Biz bilirdik ki, “Qarabağ” “İnter”ə qarşı Avroliqa oyununa hazırlaşır və vaxt az qalır. Futbolçularımıza da tapşırmışdıq ki, kobud oynamaq olmaz. Gedişat nə tələb edəcəksə, elə oynayın. Demişdim ki, elə edin ki, onlar zədələnməsinlər və Avroliqada rahat oynasınlar. Hətta fasilədə futbolçulardan biri mənə dedi ki, siz deyirsiniz kobud oynamayın, amma onlar bizə qarşı çox kobud çıxış edirlər.

 

- Karlos Kordosonun ağlaması doğru idi? Həqiqətən o, fasilədə ağlayıb?

- Düzdü, o ağladı. “Xəzər Lənkəran”la oyunda da onun səhvindən sonra penalti olmuşdu. Həmin qarşılaşmada da oyun gedə-gedə istəyirdi ki, ehtiyat skamyasına tərəf gəlib bizdən üzr istəsin. “Qarabağ”la oyundan sonra da dəfələrlə üzr istədi. Onda belə bir xasiyyət var ki, istəmir ona görə komanda ziyan görsün. Düzdü, son oyunda hakim səhv qərar verdi. Amma Kordoso yenə də özünü günahkar sayır.

 

- Sabiq FİFA referisi Elçin Məmmədov deyib ki, həmin epizodda qayda pozuntusu var idi, amma cərimə meydançasından kənarda. Bununla da razı deyilsiniz?

- Fikrimcə, orda qayda pozuntusundan söhbət gedə bilməz. Hakimlər həmişə nəsə tapıb çıxarmağa çalışırlar. Mən də futbol oynamışam. Məsələn, mən müdafiəçiyəm və top bizim cərimə meydançasındadır. Ona müdafiəçi olaraq daha yaxınam və topa gəlirəm. Daha orda baxmıram ki, kimin ayağı hardadır. Ola bilər ki, Kordosonun ayağı Reynaldonun ayağına dəyir. Amma bizim müdafiəçimiz ondan öncə topa oynayıb. Özü də top göydə idi və Kordoso birinci başla oynadı. Məncə, Reynaldo da həmin epizodda penalti gözləmirdi. Özü də şokda idi ki, rəqibin qapısına 11 metrlik cərimə zərbəsi təyin edildi. Mən “Qarabağ”ın qələbəsinə kölgə salmaq istəmirəm. Çünki bu komanda hazırda Premyer Liqada bütün komandalardan, o cümlədən “Neftçi”dən də güclüdür. Elə “Neftçi”dən də. Onlara qarşı bir şey düşünmüşdük və hücuma atılmışdıq. Bu “Qarabağ”a bir az da üstünlük verirdi.

 

- Nikolas Kanales formasından çox uzaqdır. Onun hər oyun start heyətində meydana çıxması düzgün qərardır?

- Yenə deyirəm ki, mən bu komandada yeniyəm. Həmçinin eksperimentlər aparmaq üçün vaxtım yoxdur. Kanales formada olmasa da, onun qol duyumundan yararlanmaq istəyirik. Alınmadı. Futbolçu özü də “Qarabağ”la oyundan sonra mənə yaxınlaşdı ki, bilirəm mən tam formada deyiləm, özüm də oyunumdan narazıyam. Siz mənə güvəndiniz və mən inamınızı doğrultmadım. Bizdə hücumda Ruslan Qurbanov da var. Ondan da yararlanacağıq. Hələ çempionat təzə başlayıb və hər şey öz qaydasına düşəcək. Bütün komandalarla 3 dəfə görüşəcəyik. Hər şey irəlidədir.

 

- Ernest Nfor tam bərpa olub?

- O, zədəsini tam sağaltmayıb. Amma bizə dedi ki, mən tam hazıram. Məşqlərdə də ona baxdıq və gördük ki, oynaya bilər. Amma o bir oyunda əlindən gələnin hamısını edə bilər və “Qarabağ”la oyunda da necə lazımdır oynadı. Bu sonra ona pis də təsir edə bilər. Ümumiyyətlə bu futbolda baş verən haldır.

 

- Çempionatda 20 günlük fasilə sizin üçün yaxşı oldu?

- Əlbəttə ki, yaxşı oldu. Amma bir şərtlə ki, futbolçularım hamısı heyətdə olaydı. Milliyə gedənlər oyunlara 2 gün qalmış geri dönəcəklər. Bəzi şeylər edə bilərdik. Amma alınmayacaq. Heyətdə qalan futbolçuları isə fiziki durumunu yüksəldə bilərik.

 

- Mirkamil Haşımlı nə zaman əsas komandada meydana çıxa biləcək?

- Onun vəziyyəti yaxşıdır. Məşqlərdə iştirak edir və hər şey normaldır. O, perspektivli və komandamıza lazım olan futbolçudur. Yəqin ki, gələcəkdə onu meydanda görəcəksiniz.

 

- Sizdən öncə Rusiyanın “Zenit” klubundan Elvin Bədəlov komandaya cəlb olunmuşdu. Onun aqibəti necə oldu?

- O, əsas komandanın oyunçusudur. Bədəlov əgər hücumçu və ya yarımmüdafiəçi olsaydı, ona oyunlarda ən az 10-15 dəqiqə şans verə bilərdik. Amma o mərkəz müdafiəçisidir. Bir səhvi özünə də çox pis təsir edər və bu futbolçunu itirə bilərik. Həm də onun oyununu görməmişəm. Əvəzedici heyətə göndərdim və oynadı. Məşqçiləri də göndərmişdim ki, izləsinlər. Çünki futbolçunun nəyə qadir olduğu oyunlarda bilinir. Məşqdə dəqiq qərar vermək olmur.

 

- Araz Abdullayev və Julius Vobayın çıxışı sizi qane edir?

- Futbolçu enişli-yoxuşlu yollardan keçir. Bu gün “Neftçi”də bəzi futbolçularda eniş hiss olunur. Elələri var ki, digərlərinə nisbətən daha yaxşı vəziyyətdədirlər. Hazırda onlardan daha çox istifadə edirik ki, bütün futbolçularımızı qoruyaq və komanda da uğur qazansın. Eləcə də, Vobay və Arazda da bir az eniş hiss olunur. Juliusda bu daha çox hiss olunur. Amma bu o demək deyil ki, Vobay düzəlməyəcək. Təbii ki, müəyyən məşqlərdən sonra əvvəlki oyunçunu görəcəksiniz. Sadəcə indi buna vaxtımız yoxdur.

 

- 2010/2011 mövsümündə rəhbərlik etdiyiniz komandada olan Falvinyo ilə indiki Flavinyo arasında fərq görürsünüz?

- Əlbəttə. Heç bir futbolçu həmişə eyni formada ola bilməz. Həmin vaxtlar Falvinyonun karyerasının pik nöqtəsi idi. İndi da pis oynamır. Sadəcə, o zaman çox güclü idi. Son 3 oyunda o, çox yaxşı çıxış etdi. İnanıram ki, hələ onun “Neftçi”yə çox köməyi dəyəcək.

 

Elsevər MƏMMƏDOV

0