[b]Qara Qarayev: “Qarabağ” qrupdan çıxmaq haqda fikirləşmir[/b] - MÜSAHİBƏ
20.10.2014 - 14:36
[b]Qara Qarayev: “Qarabağ” qrupdan çıxmaq haqda fikirləşmir[/b] - MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaq “Qarabağ” səfərə oyundan bir gün öncə yollanacaq. Təmsilçimizin üzvü Qara Qarayev matçla bağlı apasport.az saytının suallarını cavablandırıb.

 

- Avropa Liqasının qrup mərhələsinin III turunda “Dnepr”lə qarşılaşacaqsınız. Rəqiblə bağlı hansı məlumata sahibsiniz?

- Ukraynalılarla matçın hazırlığına bu gündən başlamışıq. Rəqib haqda məlumatlar da toplayırıq. Bu gün onların iştirakı ilə keçirilən qarşılaşmaları izləyəcəyik. Hansı taktika ilə oynadıqlarını müəyyənləşdirəcəyik. Hamı çətin olacağını dərk edir.

 

- Hər halda, internet vasitəsilə rəqibin oyunlarından bəzi fraqmentlərə baxmısınız. Hansı qənaətə gəlmisiniz?

- Hücumda fəal, fiziki baxımdan da güclüdürlər. 90 dəqiqə bir yerdə dayanmırlar. Daha ətraflı isə baş məşqçimiz məlumat verəcək.

 

- “Dnepr”in hücum xəttinin fəal olduğunu qeyd etdiniz. Amma onlar müdafiədə də inamlı çıxış edirlər. İki turdan sonra cəmi bir qol buraxıblar...

- “Dnepr” sovet dövründən qalma komandadı. Onlar daim fikirləşiblər ki, qol buraxmayaq, necə olsa, birini vuracağıq. Ancaq bizə qarşı qapalı oyun nümayiş etdirəcəklərinə inanmıram. Doğma meydanda xal qazanmaq üçün daha çox hücum edəcəklər. Bizim üçün çətin olacaq. Bəlkə də ən ağır səfərlərimizdən biridi.

 

- Ukrayna təmsilçisi ilə ardıcıl iki matç keçirəcəksiniz. Səfərdəki qarşılaşma rəqibi tanımaq baxımından Bakıdakı oyunu bir qədər asanlaşdıracaqmı?

- Bir oyundan sonra rəqib haqda müfəssəl məlumata sahib olacağıq. Bizim üçün bu üstünlük olacaq. Yəni səfərdəki onları daha yaxından tanıyacağıq. Bu da cavab matçında işimizə yarıyacaq.

 

- “Dnepr”lə duellər qrupdan çıxmaq baxımından “açar” rolunu oynaya bilərmi?

- Qrupdan çıxmaq haqda fikirləşmirik. Əsas məqsədimiz reytinq xalları qazanmaqdı. Əgər səfərdə “Dnepr”i məğlub etsək, evdəki 2 matçımızdan da yaxşı nəticələr qazansaq, qrupdan çıxmaq mümkündü.

 

- Qrupdan çıxmaq şansınızın olduğu bir məqamda niyə bundan istifadə etməyi düşünmürsünüz?

- Bu görüş tramplin rolunu oynaya bilər. Yaxşı nəticə qazansaq, nəsə düşünmək olar. Ancaq pis nəticə əldə etsək, qrupdan çıxmaq çox çətin olacaq. Bu qarşılaşmalardan çox şey asılıdı.

 

- Komandada ab-hava necədir?

- Hər şey qaydasındadı. Həftəni də qələbə ilə başa vurduq. Çumbinyo və Diasdan başqa zədəli futbolçumuz yoxdu. Hamı oynaya biləcək gücdədi.

 

 

0