60 ayda ilk dəfə, antirekord, yaxud yığmamızın ili çıxdı
23.10.2014 - 14:15
60 ayda ilk dəfə, antirekord, yaxud yığmamızın ili çıxdı

Bu gün açıqlanan FİFA reytinqində Azərbaycan millisi ilk “100-lüy”ü tərk edib. Apasport.az saytının məlumatına görə, yığmamız tarixində ilk dəfə bu qədər çox – 1 il ən güclü 100 komanda sırasında duruş gətirə bilib.

 

371 gün. 2013-cü ilin oktyabrında açıqlanan siyahıya 19 pilləlik sıçrayışla adil olan komandamız 88-ci pilləni ələ keçirmişdi. O vaxtdan 100 ən yaxşı arasında olan millimiz 2014-cü ildə də oktyabrda buranı tərk etdi.

 

Siyahıda 209 komanda olduğundan “100-lük”də olmaq ilk yarıda qərarlaşmaq hesab oluna bilər. Millimiz də bu yarıda 371 gün qalıb. Ötən il siyahı oktyabrın 17-də, bu dəfə isə 23-də açıqlandığından bu müddət 1 ildən azca artıq olub.

 

Bunadək ən yaxşı halda 6 ay ilk “100-lük”də qalmışdıq. Belə hadisə 2010-11-ci illərin kəsilməsi dövrünə təsadüf olunub.

 

Antirekord. Millimiz “Top-100”ü 31 pillə geriləməklə tərk edib. Bu isə komandamızın FİFA reytinqinin 20 illik tarixindəki ən böyük enişidir. Əvvəlki antirekord elə ötən ay qeydə alınmışdı. Onda 73-cü pilləni 95-ciyə, indi isə 95-cini 126-cıya dəyişən komandamız iki ayda 53 addım aşağı yuvarlanıb. Bunadək isə ən böyük geriləmə 2011-ci ilin oktyabrına təsadüf etmişdi – 20 pillə.

 

60 ayda ilk dəfə. Siyahının 13-cü “onluğ”una yuvarlanan komandamız sonuncu dəfə 2012-ci ilin noyabrında burada yer almışdı. Həmin vaxt yığmamız 123-cü idi. İndiki nəticə isə son 5 ilin ən zəif göstəricisidir. Belə ki, axırıncı 60 ayda 126-cı pilləyədək enməmişdik. İndikindən pis nəticə 2009-cu ilin sentyabrında qeydə alınmışdı. Onda millimiz 139-cu idi.

 

Berti Foqtsla “+11”. Bu dəfəki reytinq millinin artıq sabiq baş məşqçisi Berti Foqtsun hesabına yazılacaq son göstəricidi. Çünki almaniyalı postunu tərk etsə də, məhz onun rəhbərliyi altındakı oyunlar əmsalımıza əlavə olunub. Bir sözlə, Foqts yığmamızdan 12-ci yerlə gedir. Yığmamızın tarixində 3-cü əcnəbi komandaya rəhbərlik etdiyi dövrdə 11 pilləlik irəliləyişə nail olub. Çünki Foqtsun 2008-ci il iyunun 1-dəki debütünədək millimiz 137-ci idi. Düzdür, almaniyalı gələndə 119-cu, təyinatdan az sonra 137-ci olmuşuq. Buna isə Foqtsdan öncə - martın 26-da Litva ilə yoldaşlıq oyunundakı məğlubiyyət səbəb olub. Lakin almaniyalının reytinqə təsir edə biləcəyi ilk oyundan öncəki – yəni 2008-ci ilin may reytinqi əsas götürülərsə, 6 ildə vur-tur 11 addım irəliləmişik.

 

0