Fariz Məmmədov: Çətinliklər gözümə görünmür
24.10.2014 - 13:48
Fariz Məmmədov: Çətinliklər gözümə görünmür

Oktyabrın 24-də və 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində ilk dəfə AİBA Proboxing turnirinin döyüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə çəkisi +91 kq, ertəsi gün isə 69 kq olan idmançılar rinqə çıxacaqlar.

 

Bu gün 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçuların çəki mərasimi və mətbuat konfransı keçirilib. Öncə idmançıların çəkiləri bir daha yoxlanılıb.

 

Ardınca boksçular 1/4 finalda rəqibləri ilə birgə jurnalistlərin suallarını cavablandırıblar. AİBA-nın seçdiyi “səkkizliy”in hamısı bu turnirə dəvət aldığı üçün şad olduğunu bildirib.

 

Cütlüklər arasında son olaraq KİV nümayəndələri qarşısına Fariz Məmmədov və rəqibi Andrey Zamkovoy çıxıblar.

 

WBO Avropa kəmərinin sahibi olan 34 yaşlı həmyerlimiz bildirib ki, bu qarşılaşma onun üçün xüsusi əhəmiyyət daşıyır. Məmmədovun sözlərinə görə, sabah azarkeşlər möhtəşəm döyüş izləyəcəklər: “Əminəm ki, Azərbaycanda start götürəcək yarış uğurlu alınacaq. Döyüşə çox yaxşı hazırlaşmışam. Düzdür, bu turnir mənim üçün yeni, qaydaları fərqlidir. Lakin Olimpiadada iştirak arzum o qədər güclüdür ki, problemlər, hansısa çətinliklər gözümə görünmür”.

 

Peşəkar boksda kifayət qədər təcrübəsi olan idmançımız rəqibinin hündürboy olmasından çəkinmədiyini deyib. O bildirib ki, yerli publika önündə yalnız qələbəyə köklənib: “Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız rinqə mən çıxacağam. Məsuliyyətim böyükdür, hamı məndən qələbə gözləyir. Amma bu hansısa psixoloji gərginlik yaratmır və görüşü qalib kimi başa vuracağıma inanıram. Rəqibimin məndən hündür olmasına gəlincə, buna artıq alışmışam. Əvvəllər də belə döyüşlərim olub və bu mənə daha rahatdır”.

 

Məmmədovun rəqibi London Olimpiadasının bürünc, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısı Zamkovoy da iddialı danışıb. O, təmsilçimizin peşəkar boksdan gəlməsindən çəkinmədiyini və lazımı hazırlıq keçdiyini deyib: “Onun peşəkar rində təcrübəsi var. Bu Məmmədova əlavə üstünlük verə bilər. Mən də görüşə çox əla hazırlaşmışam. Rəqibin əvvəlki döyüşlərini izləyərək, lazımı nəticələr çıxarmışam. Yəni, onun ilk dəqiqələrdən irəli atılıb, təzyiq göstərməyi sevdiyini bilirəm. Hər şeyi rinq müəyyənləşdirəcək”.

 

 

69 kq

1/4 final

Markos Nader (Avstriya) - Rayton Okviri (Keniya)

Onur Sipal (Türkiyə) – Eymantes Stanionis (Litva)

Denis Lazarev (Ukrayna) - Qyula Kate (Macarıstan)

Andrey Zamkovoy (Rusiya) - Fariz Məmmədov (Azərbaycan)

 

Qeyd edək ki, görüşlər saat 19:00-da başlayacaq. 56 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev isə noybarın 1-də Argentinada yaponiyalı Satoşi Şimidzu ilə üz-üzə gələcək.

 

 

 

 

0