Berti Foqts “onluq”dan kənarlaşdırıldı
25.10.2014 - 09:04
Berti Foqts “onluq”dan kənarlaşdırıldı

Hazırda baş məşqçisi olduğu milli komandada daha çox işləyənlərin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, buna son 6 il yarım ərzində Azərbaycan yığmasını çalışdıran almaniyalı Berti Foqtsun istefası səbəb olub.

 

Bir neçə gün əvvəl Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verən almaniyalı Berti Foqts, məlum olduğu kimi, yığmamızda 6 ildən çox çalışmışdı. Almaniyalı millilərin hazırkı məşqçilərindən öz vəzifəsində daha çox qalan 10 mütəxəssisin siyahısını tərk edib.

 

Bu siyahıya isə Morten Olsen (Danimarka) başçılıq edir. Vaxtilə 19 il (1970–1989) futbolçu kimi Danimarka millisinin formasını geyinən Olsen 2000-ci ilin iyulundan bu komandanı çalışdırır. 14 ildən çox bu müddətdə danimarkalılar onun rəhbərliyilə 150 oyun səddini də keçiblər. Olsenli Danimarka millisi DÇ-2002 (1/8 final), DÇ-2010 (qrupda 3-cü yer), Avro-2004 (1/4 final) və Avro-2012-də (qrupda 3-cü yer) çıxış edib. Vaxtilə komanda ardıcıl iki mötəbər yarışdan - DÇ-2006 və Avro-2008-dən kənar qalsa da, 65 yaşlı mütəxəssis vəzifəsini tərk etməyib.

 

Oskar Tabarez (Uruqvay) isə yalnız danimarkalıdan geri qalır. 1988–1990-cı illərdə, o cümlədən DÇ-1990-da Uruqvay millisini çalışdırmış Tabarez 2006-cı ilin mayından yenidən bu komandanın baş məşqçisidir. Onun rəhbərliyilə uruqvaylılar 2010-cu ildə dünya çempionatında 4-cü yeri tutub, 2011-ci ildə isə Copa America turnirinin qalibi olublar. Tabarez özü isə həmin illərdə Cənubi Amerikanın ən yaxşı məşqçisi seçilib. DÇ-2014-də uruqvayın uğursuz çıxış edərək 1/8 finalda mübarizəni dayandırmasına baxmayaraq, 67 yaşlı uruqvaylı mütəxəssis vəzifəsində qalıb. Tabarezin vaxtilə İtaliya (“Kalyari” və 1996-cı ildə “Milan”) və İspaniya (“Oviedo”) klublarını çalışdırdığını da xatırladaq.

 

2014-cü ilin dünya çempionu Almaniyanı çalışdıran Yoaxim Löv də ilk “üçlük”də qərarlaşıb. Futbolçu kimi 1979-1980-ci illərdə AFR-in U-21 yığmasında 4 oyun keçirmiş Löv məşqçi kimi daha uğurlu olub. 2004-2006-cı illərdə Almaniya millisində məşqçi köməkçisi olan 54 yaşlı mütəxəssis 2006-cı ilin iyulundan isə bu komandanın baş məşqçisidir. Onun rəhbərliyilə Avro-2008-də vitse-çempion olan, DÇ-2010 və Avro-2012-də 3-cü yeri tutan “Bundestim” 2014-cü ildə isə dünya çempionluğunu qazanıb. Lövün əvvəllər həmçinin Türkiyədə çalışdığını və “Fənərbağça” (1998-1999) və “Adanaspor”a (2001) rəhbərlik etdiyini də xatırladaq. Vətənində isə tanınmış klublardan “Ştuttqart”ın (1996-1998) baş məşqçisi olub.

 

İndiki postuna Foqtsun Azərbaycana gəlişindən sonra sahib çıxan Visente Del Boske (İspaniya) 4-cü pilləni ələ keçirib. Futbolçu kimi 1975-1980-ci illərdə İspaniya millisində çıxış edən Del Boske 2008-ci ilin iyulundan bu komandanı çalışdırır. 63 yaşlı mütəxəssisin rəhbərliyilə ispanlar 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub, DÇ-2014-də isə uğursuz çıxış edərək qrupda qalıblar. Del Boske milli komandada ilk 10 oyununun hamısında qələbə qazanan ilk məşqçi kimi futbol tarixinə düşüb. İndiyə kimi İspaniya yığması onun rəhbərliyilə artıq 100-ə yaxın oyun keçirib. 2012-ci ildə FIFA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilən Del Boske bu yaxınlarda Avro-2016-dan sonra İspaniya millisindən gedəcəyini açıqlayıb. Del Boskenin milli komandadan əvvəl “Real” və “Beşiktaş” kimi klubları çalışdırdığını da xatırladaq. İspaniyalının rəhbərliyilə Madrid klubu 2000 və 2002-ci illərdə Çempionlar Liqasının qalibi olub.

 

İlk “beşlik”də o qədər də tanınmayan Leunq Sui Vinq (Makao) da yer alıb. 1980–1989-cu illərdə futbolçu kimi Honkonq millisində çıxış edən Leunq Sui Vinq2008-ci ildən Makao yığmasını çalışdırır. Bu komandanın FIFA-nın oktyabr ayı üçün açıqladığı dünya reytinqində 184-cü, Asiyada isə 41-ci yerdə qərarlaşdığını da xatırladaq.

 

Daha bir ekzotik futbol ölkəsində çalışan Akbar Patel (Mavriki) də postunda 5 illiyini arxada qoyub. 2009-cu ilin martından Mavriki millisini çalışdıran Patel 2003 və 2007-ci illərdə də bir müddət bu yığmanın baş məşqçisi olub. Mavrikili mütəxəssisin rəhbərliyilə komanda Hind Okeanı Oyunları-2003-ün futbol turnirinin qalibi olub. Mavriki millisinin FIFA-nın oktyabr ayı üçün açıqladığı dünya reytinqində 191-ci, Afrikada isə 51-ci yerdə qərarlaşdığını da xatırladaq.

 

Dünyada 7-ci, Avropada 4-cü yer isə Erik Hamrenə (İsveç) məxsusdur. 57 yaşlı isveçli Hamren 2009-cu ilin noyabrından İsveç komandasının baş məşqçisidir. Onun rəhbərliyilə isveçlilər DÇ-2010 və DÇ-2014-ə çıxa bilməyib, Avro-2012-də isə qrupda sonuncu 4-cü yeri tutublar. Hamrenin milli komandadan əvvəl İsveç, Danimarka (“Aalborq”) və Norveç (“Rusenborq”) klublarını çalışdırdığını da qeyd edək.

 

Qonşu Gürcüstan millisinin çalışdırıcısı Temuri Ketsbaya da ilk “onluq”da yer alıb. 1992–2003-cü illərdə futbolçu kimi Gürcüstan millisində oynayan Ketsbaya 2009-cu ilin noyabrında bu komandanın baş məşqçisi təyin olunub. 46 yaşlı gürcü mütəxəssisin rəhbərliyilə komanda Avro-2012-nin seçmə mərhələsində qrup 5-cisi, DÇ-2014-ün seçmə yarışında isə qrup 4-cüsü olub.

 

Bir müddət əvvəl adı Azərbaycan millisinə namizədlər sırasında hallanan Safet Suşiç (Bosniya və Herseqovina) indiki komandasına balılığı ilə seçilir. Futbolçu kimi 1977–1990-cu illərdə Yuqoslaviya, 1993-cü ildə isə Bosniya və Herseqovina millisində oynayan Suşiç 2009-cu ilin dekabrından bosniyalıları çalışdırır. 59 yaşlı mütəxəssisin rəhbərliyilə komanda tarixində ilk dəfə dünya çempionatında (DÇ-2014) çıxış edib. Suşiçin uzun müddət Türkiyədə işlədiyini və “İstanbulspor”, “Konyaspor”, “Ankaragücü”, “Çaykur Rizespor” və “Ankaraspor” klublarını çalışdırdığını da qeyd edək.

 

İlk “onluq”da sonuncusu isə Eritreya yığmasının baş məşqçisi Neqaş Teklitdir.

44 yaşlı eritreyalı Teklit 2009-cu ildən Eritreya millisini çalışdırır. Bu komandanın FIFA-nın oktyabr ayı üçün açıqladığı dünya reytinqində 200-cü, Afrikada isə 52-ci yerdə qərarlaşdığını da xatırladaq.

 

Rasim Mövsümzadə

0