“Rabitə” ənənə, “Azəryol” titul, “Lokomotiv” “reysə” düşmək arzusunda
31.10.2014 - 16:09
“Rabitə” ənənə, “Azəryol” titul, “Lokomotiv” “reysə” düşmək arzusunda

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü çempionatları sırasında olan yarışın ötən illərlə müqayisədə daha gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar.

 

Çünki son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” yenə də çox güclü və oturuşmuş heyətlə çıxışını davam etdirəcək. Komanda titulunu qorumağı və məğlubedilməzliyini növbəti dəfə sübut etməyi hədəfləyib.

 

Onların əzəli rəqibləri “Azəryol” həmişəki kimi çempionluq arzusundadır. Hazırda əla heyət formalaşdıran “yolçəkənlər”in mövsümə yeniliklərlə başlaması, Rusiyanın “Dinamo” (Krasnodar) və “Uraloçka” klublarını paytaxta cəlb etməsi iddialı olacaqlarından xəbər verir. Komandanın güclü heyətlə “taxta” çıxması sensasiya da sayılmayacaq.

 

“İqtisadçı” tarixin yaddaşına köçməsi isə daha çox “Lokomotiv”in “işinə” yarıyacaq. Çünki həmişə “Rabitə”, “Azəryol” və “universitet komandası”nın kölgəsində qalan “dəmiryolçular” bu dəfə “tələbələrin” oynamamasından yararlanmaq şansı qazanıblar. Əsasən legionerlərə güvənəcək “Lokomotiv” son illərdəki uğursuzluğu da məhz “bürünc” hesabına sığortalamağa çalışacaq.

 

Lakin bunun heç də asan olmayacağı gözləniləndir. Çünki əsasən yerli gənclərdən qurulan “Azərreyl” onların qarşısında “qırmızı işıq” yandıra bilər. Vüqar Əliyevin çalışdıracağı komanda ilə yanaşı, “Telekom”u da siyahıdan silmək olmaz. “Rabitə”nin ehtiyat qüvvəsi hesab olunan klub artıq müəyyən müddətdir birgə oynayır və Eldar Yusubovun təcrübəsi sayəsində pley-off şansı qazanmaq gücündədir.

 

Maraqlıdır ki, çempionatımızda 6-cı klubun da olacağı istisna deyil. Hələlik “Turan” kimi təqdim olunan komandaya gənclərin cəlb olunacağı və elə gənc çalışdırıcı Fərid Cəlalovun rəhbərlik edəcəyi bildirilir. Amma “İqtisadçı”nı əvəzləyəcək bu “körpə”nin hələ dünyaya göz açmasını gözləməyə ehtiyac var. Əsası odur ki, klubların sayı azalmasın və çempionatımız dünyadakı ad-sanını qorusun.

 

Özü də 2014/2015 mövsümü artıq digər liqalar kimi ev-səfər prinsipi ilə oynanılacaq. Bu səbəbdən də sabah start götürəcək ilk tura Azərbaycan çempionu “Rabitə” ev sahibliyi edəcək. Dejan Brdjoviçin yetirmələri “Azərreyl”i sınağa çəkəcək. Qarşılaşmada “dəmiryolçular”ın xal qazanması inandırıcı görünmür.

 

Noyabrın 2-də isə “Azəryol”la “Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Matçda Aleksandr Çervyakovun komandasının qalib gəlmək şansı yüksəkdir. “Azəryol” ilk turdaca iddiasını ortaya qoymağa çalışacaq. Lakin tam yeni heyətlə meydana çıxacaq “Lokomotiv”in də ciddi müqavimət göstərəcəyi gözləniləndir.

 

6-cı komanda dəqiqləşmədiyindən “Telekom” çox güman ki, I turda istirahət edəcək. Çünki onların oyunu hələ təqvimdə də öz əksini tapmayıb.

 

2014/2015 mövsümü

I tur

1 noyabr

17:00. “Rabitə” – “Azərreyl”

“Gənclik” Olimpiya İdman Kompleksi

 

2 noyabr

18:00. “Azəryol” – “Lokomotiv”

Voleybol Mərkəzi

 

Qeyd edək ki, bu il çempionatı maraqlı edən məqamlardan biri də  hər komandanın sifariş ərizəsində ən azı 3 yerli voleybolçu sifariş etməsi, onlardan ən azı birinin görüş zamanı meydançaya buraxacağı ilə bağlı qərardır. Reqlamentdə isə dəyişiklik yoxdur. 4 dövrə oynayacaq komandalar çempionluq savaşını pley-off, yarımfinal və finalda davam etdirəcəklər. 

0