Xaqani Məmmədovdan SƏRT İTTİHAMLAR: Özünü çox həyasız apardı
21.11.2014 - 16:49
Xaqani Məmmədovdan SƏRT İTTİHAMLAR: Özünü çox həyasız apardı

“Elnur Əşrəfoğlu ilə aramızda əlbəyaxa yox, söz davası olub. Oyundan sonra özünü çox həyasız və tərbiyəsiz apardı. Mən də onun cavabını verdim”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.

 

Topaz Premyer Liqasının XII turunda baş tutan “Simurq” – “Neftçi” (1:0) matçından sonra HK sədri ilə paytaxt təmsilçisinin rəsmisi Elnur Əşrəfoğlu arasında qalmaqal yaşanıb.

 

Əşrəfoğlu saytımıza açıqlamasında Məmmədovun oyuna məqsədli şəkildə yollandığını, “Neftçi”nin uduzması üçün hakimlərə tapşırıq verdiyini bildirmişdi.

 

Məmmədov isə bu ittihamları rədd edir: “Qarşılaşmadan sonra mənə dedi ki, bizim oyunlara gəlmə. Cavab verdim ki, oyunlara gəlmək üçün səndən icazə almalıyam? Əvvəlcə elə belə zarafat kimi başa düşsəm də, sonradan söyüşlərə keçdiyini görüb, onun cavabını verdim. Elnur bir çox saytlara müsahibə verərək, ağzına gələni danışıb. Onun səviyyəsinə enmək istəmirdim”.

 

Hakimlərə heç bir göstəriş vermədiyini vurğulayan HK sədri Əşrəfoğlunun yalan danışdığını söyləyib: “İddia edir ki, mən hakimlərə göstəriş vermişəm. FİFA 7 mikrafonluq sistem icad etməyib. 6 dənə readiomikrafon var və videogörüntülərə baxsanız, hamısının hakimlərdə olduğunu görəcəksiniz. Həm də mən oturduğum yerdə jurnalistlər, AFFA nümayəndəsi, matçın hakim-inspektoru olub. Fasilədə də heç yerə getməmişəm. Guya mən ona tərəf gülə-gülə getmişəm. Yalandı. İkincisi də məgər, Elnur kloundu? Əgər elədirsə, desin bilək. “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov Əşrəfoğluna bu hərəkətlərinin kluba yaraşmadığını bildirdi. O, isə cavab verdi ki, siz komandanın tərəfini saxlamalısınız. Deməli, haqqın yox, mütləq işlədiyi yerin mövqeyini müdafiə etməli idi. Həm də iddia edir ki, niyə Xaqani Məmmədov “VİP loja”da oturmadı? Gedib “Neftçi” rəsmiləri ilə birlikdə matçı izləyə bilərdim. Amma onun kimi səviyyəsizin yanına heç vaxt getmərəm. Bütün Azərbaycan Əşrəfoğlunun kim yaxşı olduğunu bilir”.

 

Məmmədov görüşün baş hakimi Fariz Yusifovun idarəçiliyini normal sayıb: “Əşrəfoğlu həyasızcasına Fariz Yusifovun oyunu qərəzli idarə etdiyini bildirib. Bu, tamamilə yalandı. Dünyada baş tutan istənilən oyunda hesabda öndə olan komanda vaxt uzadır. Hansı yolla olursa-olsun, bunu edir. Penalti epizodların gəlincə, hakim baş verənləri daha yaxşı görürdü. İstəmirəm ki, bu suala cavab verim. Çünki necə idarəçilik olubsa, hakim-inspektor hər şeyi qeyd edib. Qısaca deyim ki, Fariz Yusifov qarşılaşmanı normal idarə etdi”.

0