Qurban Qurbanovun o səhvi...
21.11.2014 - 18:30
Qurban Qurbanovun o səhvi...

UEFA cari mövsüm öz ölkələrinin çempionatlarında məğlubiyyət nə olduğunu bilməyən klubların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvələ İslandiyanın “Styarnan” klubu başçılıq edir. Ada təmsilçisi 22 turdu uduzmur.

 

Sabiq yuqoslaviyalılar – “Dinamo” (Xorvatiya) və “Vardar” (Makedoniya) hərəyə 15 qarşılaşmada yenilgi görməyib. TNS (Uels), PSJ (Fransa) hərəyə 13, “Çelsi” (İngiltərə), “Bavariya” (Almaniya), “Hibernians” (Malta), “Dinamo” (Ukrayna) hərəyə 10 görüş keçirdiyi çempionatda məğlub olmayıb. Kiprin APOEL, Portuqaliyanın “Porto” komandaları 9, İsrail təmsilçiləri – Kiryat-Şmona və Beyer-Şevanın “Hapoel” adlı klubları 8 matçlıq uğurlu start seriyasına malikdi.

 

UEFA-nın siyahısında Azərbaycan klubu yer almayıb. Buna Qurban Qurbanovun buraxdığı bir texniki xəta səbəb olub.

 

Belə ki, cari mövsüm Topaz Premyer Liqasında meydandan heç vaxt məğlub ayrılmayan “Qarabağ”ın hesabında əslində yenilgi olmamalı idi. Amma mövsümə “Sumqayıt” üzərində darmadağınla başlayan “Qarabağ”ın 3:0 hesablı qələbəsi sonda əksinə çevrildi və onlara texniki məğlubiyyət verildi. Məhz bu da 10 matç keçirən “Qarabağ”ı “Çelsi” və “Bavariya”nın olduğu siyahıya düşməsinə əngəl olub.

 

Həmin texniki məğlubiyyətin səbəbi isə Qurbanovun əvəzetmə zamanı xətaya yol verib, legioner limitini pozmasıdı. Əgər baş məşqçinin bu səhvi olmasaydı, Azərbaycan çempionu UEFA-nın siyahısına düşəcəkdi. Onda da Avropanın məğlubedilməzləri nəhs sayda – 13 deyil, 14 olacaqdı.

 

0