Rəşad Sadiqov: Gəncdi, özünü tez itirdi - MÜSAHİBƏ
25.11.2014 - 00:00
Rəşad Sadiqov: Gəncdi, özünü tez itirdi - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XIII turunda “Neftçi”ni qəbul edən “Xəzər Lənkəran” hesabda iki dəfə önə keçsə də, bu üstünlüyünü sona qədər qoruya bilmədi. Apasport.az saytının məlumatına görə, matçdan sonra jurnalistlərin suallarını cavablandıran cənub təmsilçisinin yarımmüdafiəçisi Rəşad Sadiqov hakimin idarəçiliyi haqda da danışıb.

 

- Gərgin keçə qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?

- Oyunun çətin keçəcəyi aydın idi, amma bu qədər də gərgin olacağı yox. Qələbə qazanmağa yaxın olsaq da, son dəqiqədə qol buraxdıq. Bu, çox üzücü oldu. Həmin qolun şokundan ayılmaq çətin olacaq.

 

- Dörd qırmızı vərəqə göstərildi. Hamısı ilə razılaşırsınızmı?

- Gərək oyunun videoyazısına baxıb, qərar versinlər. Mənim nəsə deməyim düzgün olmazdı.

 

- Bu gün meydana sanki xüsusi motivasiya, istəklə çıxmışdınız. Səbəbi rəqibin sabiq komandanız olmasıdırmı?

- Bəli, çox istəkli idim. Çünki 3 xal qazanmaq istəyirdik. Bunun üçün çox çalışdıq. Son dəqiqə qolu bizi çox üzdü.

 

- Son dəqiqədə arxayınçılıq yaranmışdımı?

- Arxayınçılıq yox idi. Sona yaxın düzgün oynamadıq. Çox arxaya çəkildik. Hətta rəqibin bir nəfər azlıqda qalmaları da irəli atılmağımıza kömək etmədi. Müdafiəyə çəkilməyimiz isə sonda acı nəticə ilə yekunlaşdı.

 

- Ardıcıl xallar itirirsiniz. Bunun sonrasını fikirləşmirsiniz?

- Əlbəttə, sonra çətin olacaq. Bu cür oyunda biz 3 xal götürməliydik. Amma 1 xalla kifayətləndik. Niyə də məyus olmayaq?

 

- Oyunun Lənkəranda deyil, Bakıda keçirilməsinin çıxışınıza təsiri oldumu?

- Doğma meydanda oynasaydıq, daha çox azarkeş gələcəkdi. Orada oynamaqla buradakı oyunların ab-havası, atmosferi tamam fərqli olur.

 

- Hakimin matçın ipini buraxdığını düşünürsünüzmü?

- Hakim oyunun ağırlığını, yükünü daşıyacaq durumda deyildi. Gəncdi, özünü tez itirdi. Matç başlayan kimi sarı vərəqələri payladı. Sonda isə “qırmızı”lar ortaya çıxdı.

 

- Bəlkə referi “sarı”ları erkən paylamaqla gərginliyin qarşısını almaq məqsədi güdürdü...

- Ancaq bu, əks təsir göstərdi. O, oyunun ipini yığa bilmədi.

 

 

 

0