“Rabitə” bunu da bacardı: 100 yubileylərlə yarılandı
27.11.2014 - 10:17
“Rabitə” bunu da bacardı: 100 yubileylərlə yarılandı

Bakının “Rabitə” voleybol klubu tarixi qələbə qazanıb. Apasport.az saytının hesablamalarına görə, bakılılar dünya və Avropa miqyaslı klub turnirlərində yubiley – 50-ci qalibiyyətlərini bayram ediblər.

 

Bu, Çempionlar Liqasının II turunun Kazan “Dinamo”su ilə oyununa təsadüf edib. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi ilə görüşdə 3:2 hesablı əzmkar qələbə qazanan Dejan Brdjoviçin yetirmələri klublararası dünya çempionatı və avrokuboklardakı uğurlarının sayını 50-yə çatdırıb.

 

Belə ki, fasiləsiz 8 mövsümdür avrokuboklarda iştirak edən, bunun nəticəsində 2 dəfə dünya çempionatına qatılan son illərin dəyişməz Azərbaycan çempionunun hesabında bu oyunadək 49 qalibiyyət var idi. Avrokuboklar və mundialda ümumilikdə 74-cü matçına çıxan “Rabitə” onların yalnız 24-də məğlub olub.

 

Təmsilçimiz ilk qalibiyyətini 2007-ci il dekabrın 17-də Kiprin AEL klubu üzərində qazanıb. “Çelenc Cup”ın 1/16 final mərhələsinə təsadüf edən həmin ev oyununun taleyi 3 setdə həll olunmuşdu – 3:0.

 

“Rabitə”nin qələbələrindən 6-sı dünya çempionatı, 6-cı “Çelenc Cup”, 5-i CEV və 33-i Çempionlar Liqasına təsadüf edib.

 

Kazanlılarla oyun həm də doğma publika önündə yubiley qələbəsi olub. 25-ci dəfə ev matçında sevinən “Rabitə” neytral meydanlarda 10, səfərdə 15 dəfə rəqibini məğlubiyyətə uğradıb (2010-cu CEV kubokunun, 2014-cü ildə ÇL-in Bakıda keçirilən “Dördlər finalı” “Rabitə” üçün neytral meydan kimi nəzərə alınıb - red).

 

Qeyd edək ki, kazanlılarla 2012/2013 mövsümünə təsadüf edən ilk 2 qarşılaşmada eyni - 3:1 hesablı qələbə qazanan “Rabitə” bu il martında qeydə alınan yeganə məğlubiyyətinin əvəzini də çıxmış olub.

0