“Onların köməyi ilə “Neftçi”ni məğlub edə bilərik”
27.11.2014 - 18:20
“Onların köməyi ilə “Neftçi”ni məğlub edə bilərik”

“Qəbələ” klubunun müdafiəçisi Rafael Santosun apasport.az saytına müsahibəsi

 

- 11 oyundan 13 xal toplamısınız. Bu nəticəni mükafatlar uğrunda mübarizə aparan “Qəbələ” üçün nə dərəcədə uğurlu saymaq olar?

- İkinci dövrəyə yeni başlamışıq. Arxada qalan oyunlarda qalib gəldiyimiz də, məğlub olduğumuz da oldu. Qələbə qazandığımız oyunlar bizi irəli apardısa, yenildiyimiz matçlardakı səhvlərimizidən nəticə çıxarmağa və təkrarlamamağa çalışdıq. Hələ çempionatın sonuna çox var və çox dəyişikliklər ola bilər.

 

- Komanda hələ oyununu tapa bilməyib. Qeyri-sabit oyun və nəticələr nəyin nəticəsidir?

- Yayda komandanın heyətində çox dəyişiklik oldu. Demək olar, yeni yaranmış kollektivimiz var. Bu kollektivin adaptasiyası, oyununu tapması üçün müəyyən zaman lazımdır. Buna görə də sabitlik yoxdur. Ümid edirik ki, gələcək oyunlarda bu problemi arxada qoymuş olacağıq.

 

- Adaptasiya prosesi uzun çəkmədi? Bunu nə vaxta qədər bəhanə edəcəksiniz? Axı çempionatın 13 turu arxada qalıb. Daha nə qədər vaxta ehtiyacınız var?

- Yeni komanda yaranan vaxt bir müddət çətinliklər olur. Bəzən bu çətinliyi həll etmək üçün qısa, bəzən isə uzun müddət lazım olur. Artıq futbolçular adaptasiya olub. Növbəti oyunlarda bunu şahidi ola bilərsiniz.

 

- Klubun baş meneceri Zaur Əzizov da komandanın qeyri-sabit çıxışından narazılığını dilə gətirməklə yanaşı, qış fasiləsində dəyişikliklərin olacağını istisna etməyib. Bunu futbolçulara bir mesaj kimi dəyərləndirmək olarmı?

- Futbolçuların hamısı qələbə qazanmaq üçün mübarizə aparır. Heyətimizdə elə oyunçu yoxdur ki, meydana məğlub olmaq üçün çıxsın. Hər kəs çalışır, mübarizə aparır. Biz də uduzmağı sevmirik.

 

- İndiyə qədər 15 top vursanız da buraxdığınız bundan çoxdur - 18 top. Müdafiədə bu qədər boşluqlara yol verməyinizi necə izah edə bilərsiniz?

- Bu suala baş məşqçi cavab verə bilər. Mənim konkret fikrim yoxdur.

 

- Turdan-tura liderlə xal fərqi artır. Hazırda bu fərq 11 xala bərabərdir. Çempionluq uğrunda mübarizə aparan “Qəbələ” üçün bu fərq böyük deyilmi?

- Aktivimizdəki qələbələrdən ikisini “Araz Naxçıvan”la oyunlarda qazanmışdıq. Bu isə 6 xal deməkdir. Təəssüf ki, onlar çıxışlarını dayandırdılar. Bu da hesabımızdan 6 xalın silinməsinə gətirib çıxardı. Komandanı ruhdan saldı. İrəlidə olduğun halda geriyə düşdün. Amma toparlanmağa, 6 xalı bərpa etməyə, irəliləməyə çalışacağıq. Komandada mehriban ab-hava var. Qruplaşmaların olduğu haqda deyilənlər əsassızdır.

 

- Şənbə günü “Neftçi” ilə qarşılaşacaqsınız. Bu komandanı kifayət qədər tanıyırsınız və nə deyə bilərsiniz?

- Çox güclü rəqibdir. Ötən mövsümdə də dəfələrlə qarşılaşmışıq. Yaxşı futbolçulara sahibdirlər. Ancaq biz də onlardan geri qalmırıq. Heyətimizdə fərdi keyfiyyətləri yüksək olan futbolçularımız var. Onların köməyi ilə “Neftçi”ni məğlub edə bilərik.

 

- “Neftçi”də son turlarda ardıcıl xallar itirir. Üstəlik son turda 2 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Bu amillərdən istifadə edə biləcəksinizmi?

- İki futbolçusu qırmızı vərəqə alsa da, meydana yenə 11 nəfərlə çıxacaqlar. Cəzalı futbolçuları kimlər əvəzləyəcəksə, deməli, onlar əsas heyətdə oynamağa layiqdirlər. İstənilən halda güclü rəqiblə qarşılaşacağıq. Meydana çıxacaq oyunçular da digərlərinin yoxluğunu hiss etdirməyəcəklər. Gərgin qarşılaşmaya hazır olmalıyıq.  

0