[b]"Qriqorçuk şəraitlə tanış olduqdan sonra fikrini qətiləşdirdi" - MÜSAHİBƏ[/b]
18.12.2014 - 13:22
[b]"Qriqorçuk şəraitlə tanış olduqdan sonra fikrini qətiləşdirdi" - MÜSAHİBƏ[/b]

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

 

- Roman Qriqorçuk seçimində əsas rolu nə oynadı?

- Biz Qriqorçuku əslində ötən mövsümün sonunda, Yuri Syominin gedişindən sonra gətirməyi düşünürdük. Lakin həmin vaxt danışıqlar müsbət nəticələnməyincə, başqa variantları nəzərdən keçirməli olduq. Muntyanu getdikdən sonra yenidən onunla danışığa başladıq, bu dəfə görüşümüz müsbət nəticələndi və il yarımlıq müqavilə imzalandı. Ümid edirik ki, bu müddətdə komanda uğurlu çıxış edər, baş məşqçi ilə daha uzunmüddətli müqavilə imzalayarıq.

 

- Qriqorçuk müqavilə imzalamazdan öncə “Metallist”dən də təklif almışdı. Eyni zamanda “Çernomorets” də onu buraxmaq istəmirdi. Onun bu təkliflərə baxmayaraq, “Qəbələ”ni seçməsinin səbəbi nə oldu?

- Bura gələnə qədər heç nə deməmişdi. Gəlib baza, şəraitlə tanış olduqdan sonra fikrini qətiləşdirdi. Qriqorçuk dedi ki, nəinki Ukraynada, Avropanın əksər ölkələrində bu cür şəraiti olan klub görməyib. Bizim əsas məqsədimiz akademiyanın istedadlı gənclərini əsas heyətə cəlb etmək və əsasən öz yetirmələrimizə güvənməkdi. Klubun bu strategiyası onun da xoşuna gəldi və təklifimizi qəbul etdi.

 

- Yeni baş məşqçinin yerli köməkçiləri Sənan Qurbanov və Dmitri Kramarenko olacaq. Bəs özü ilə kimləri gətirəcək?

- Özü ilə 2-3 köməkçi gətirməyi düşünür. Yəqin ki, bundan öncəki klubda birlikdə çalışdığı məşqçiləri gətirəcək.

 

- Onun qarşısına konkret hansı hədəfləri qoymusunuz?

- Bizim hədəfimiz həmişə dəyişməzdi. Məqsədimiz komandanın avrokuboklara vəsiqə qazanmasıdı. Ancaq çempionluq hədəfini də itirməmişik. Qarşıda hələ 18 tur var. Bu müddətdə xal fərqini qapamaq mümkünsüz deyil. Amma ilk növbədə avrokuboklara yollanacaq komandalar arasında olmaq istəyirik.

 

- Transfer məsələsində bütün səlahiyyət baş məşqçidə olacaq?

- Təbii ki, baş məşqçinin rəyi bu məsələdə çox önəmlidi. Qriqorçuk öz siyahısını rəhbərliyə təqdim edəcək. Bizim seleksiyaçılar da ona təkliflər verə bilər. Amma transferlərdə son sözü baş məşqçi deyəcək.

 

Ruslan SADIQOV

0