“Bu məsələni mətbuatda müzakirə çıxartsaq da, klub rəhbərliyindən səs çıxmadı”
20.12.2014 - 10:19
“Bu məsələni mətbuatda müzakirə çıxartsaq da, klub rəhbərliyindən səs çıxmadı”

“Bu gün Gəncə futbolunun 55 illik yubileyini qeyd edəcəyik. Tədbirə veteran futbolçular və fanklub rəhbərləri dəvət olunub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədov deyib.

 

Gəncə futbolunun yaşlı azarkeşlərindən olan Məmmədovun sözlərinə görə, yubiley fanklubların hesabına keçiriləcək: “Biz bu məsələni mətbuatda müzakirə çıxartsaq da, klub rəhbərliyindən səs-soraq çıxmadı. Bu səbəbdən yubileyi özümüz keçirməyə qərar verdik. Bütün fanklublar pul qoydu. Bunu özümüzə mənəvi borc bildik”.

 

Fanklub rəhbəri Gəncə futbolunun hazırkı vəziyyətindən ürəkağrısı ilə danışıb: “Gəncədə indi futbol yox vəziyyətindədi. İstəyirik ki, Gəncə futboluna diqqəti artırılsın. Gəncədə, Qərb bölgəsində futbol yoxdusa, Azərbaycan futbolunun inkişafından danışmağa dəyməz. Gəncə futbolunu qaldırmaq, infrastruktura fikir vermək, uşaqlar üçün meydançalar salmaq lazımdı. Bu şəhərdə indi futbol olmasa da, azarkeşlər var. Vaxtilə “Kəpəz”in çempionat oyunlarına 10-12 min azarkeş gəlirdi. Hətta bir dəfə, “Xəzər Lənkəran”la matçda 17 min 500 nəfər komandanı dəstəkləməyə gəlmişdi. İstərdik ki, Gəncədə yenidən futbol olsun”. 

0