[b]Kamran Ağayev - əvvəl özü, indi hərəkətləri[/b]
22.12.2014 - 11:47
[b]Kamran Ağayev - əvvəl özü, indi hərəkətləri[/b]

Artıq neçə ildi ölkənin əvəzedilməz qapıçısı olan Kamran Ağayev elə hərəkətləri ilə də “bir nömrədi”. Bu adamın çıxarmadığı hoqqa, törətmədiyi xəta qalmayıb.

 

Ən yaxşı qapıçı olmaqla yanaşı, onun daşıdığı digər “vəzifələr” meyxana və söyüş ustadıdı. Buna yenisi də əlavə olundu: boksçu. “İnter”lə son oyunda Mikel Alvaroya vurduğu yumruq zərbəsi rəqibini nokdauna saldı. Baş hakim Fariz Yusifovun isə Kamranın zərbəsindən o qədər xoşu gəldi ki, referi qapıçını qovmağı yox, əks tərəfə cərimə verməyi üstün tutdu.

 

Bir sözlə, yerə yıxılan Alvaronun nokdaununu qeydə aldı və 10-a qədər saymaq istədi. Bəlkə də Fariz Yusifov Kamranın yumruğunun gücündən qorxdu.

 

Əvvəllər Kamranın hərəkətlərinə hamı susurdu, çox şişirdilmirdi. Çünki onda Kamrandan güclü qapıçımız yox idi deyə, görməzlikdən gəlirdik. Bəs görəsən, bu adam indi nəyə arxalanır? Axı indi ən güclü qapıçı deyil. Heç ən güclülər arasında belə yoxdu.

 

Fikrimizcə, Kamran futboldan gedib, digər “vəzifələrindən” birini seçsə, daha uğurlu olar. Məsələn, qaydasız döyüş. İçində söyüş olan meyxanalar deyə-deyə yumruq atar. Bu məsləhətimizə qulaq assa, bütün “vəzifələrini” eyni anda icra etmiş olar. Amma belədə futbolumuzun da bəzəyi itər. Futboldan getsə, azarkeşləri kim söyəcək, jurnalistlə kim dilləşəcək, rəqibi kim yumruqlayacaq?

 

Azarkeşləri də nəzərə almaq lazımdı. Axı onlar da “sevdikləri” futbolçuları daim “xoş sözlərlə” yada salmaq, qəlbdən gələn “təriflərlə” ürəklərini boşaltmaq istəyirlər.

 

Kamrandən yaxşı təlim-tərbiyə üzrə məşqçi də çıxar. Butslarını mıxdan asıb gənc nəslin tərbiyəsi ilə də məşğul ola bilər. Belədə gələcəkdə futbolumuz daha rəngarəng olar, daim gündəmdə qalar. Azarkeşlərin və jurnalistlərin də çempionat oyunlarına marağı artar, oyunlarda darıxmazlar.

 

Ruslan SADIQOV

0