[b]Sərxan Həşimovla İlahə Qədimova tələbələrə qarşı oynadı[/b]
12.01.2018 - 16:12
[b]Sərxan Həşimovla İlahə Qədimova tələbələrə qarşı oynadı[/b]

Bu gün ADA Universitetində “Vüqar Həşimov Şahmat Akademiyası”nın təşkilatçılığı ilə sinxron şahmat yarışması baş tutub. Apasport.az saytının məlumatına görə, universitetin tələbələri və heyət üzvləri beynəlxalq şahmat ustaları Sərxan Həşimov və İlahə Qədimovaya qarşı yarışıblar.

 

Turnirdə əfsanəvi şahmatçılarla mübarizə aparmaq üçün ADA-nın 40-a yaxın tələbəsi və universitetin qonaqları iştirak ediblər.

Yarışdan sonra Sərxan Həşimov tədbir barədə xoş təəssüratlarını bölüşüb: “Sevindirici haldı ki, gənclər sonadək mübarizə apardılar. Buna görə sona qədər qalan iştirakçıları təbrik etmək istərdim. Tələbələr hətta yarış zamanı həm mənə, həm də İlahə xanıma bir neçə gərgin anlar yaşatdılar. Belə tədbirlərin gələcəkdə də keçirilməsi üçün həm biz, həm də ADA Universiteti təşəbbüslərimizi göstərəcəyik. Eyni zamanda, Vüqarın arzusu olan və başladığı belə layihələri “Vüqar Həşimov Akademiyası” olaraq bölgələrdə də təşkil etmək niyyətindəyik”.

 

Sərxan Həşimov onqat Azərbaycan çempionu, Avropa çempionatının bürünc medalçısı, İspaniyanın nüfuzlu “San Sebastian" turnirinin qalibi olmuş beynəlxalq şahmat ustasıdı. Eyni zamanda, İKT sahəsində 15 ildən çox təcrübəsi olan İT mütəxəssisidi. O, 2016-cı ildən etibarən, “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır.

 

İlahə Qədimova 3 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olmuş beynəlxalq qrossmeysterdi, həmçinin diplomatiya sahəsində 13 ildən çox təcrübəyə malikdi.

 

0