[b]“Azərreyl”in avrokubok təhlükəsi[/b]
08.01.2018 - 14:24
[b]“Azərreyl”in avrokubok təhlükəsi[/b]

Sabah qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycanın “Azərreyl” klubu da meydana çıxacaq.

 

Bakı təmsilçisi Voleybol Mərkəzində Rumıniyanın “Ştiinta” klubunu qəbul edəcək. Qarşılaşmanın komandamız üçün gərgin alınacağı gözləniləndi. Çünki səfərdə 1:3 hesablı məğlubiyyət və “dəmiryolçular”ın son aylarda oyun təcrübəsinin kifayət qədər olmaması qonaqların lehinə işləyə bilər. Demək olar ki, yeganə üstünlüyümüz azarkeş amilidi. Amma komandamızın heyətinin əsasını yığma oyunçuları təşkil etdiklərindən “Ştiinta”dan revanş alacağımızı proqnozlaşdırmaq mümkündü. Əks halda, avrokubokdakı yeganə təmsilçimiz vaxtından əvvəl beynəlxalq arenaya əlvida deyəcək.

 

“Azərreyl” mərhələ adlamaq üçün isə ilk növbədə 3:0 və ya 3:1 hesablı qələbə qazanmalıdı ki, matçın taleyini “Qızıl set”ə daşısın. Əgər qonaqlar paytaxt klubundan 2 set alıb, məğlub olsa belə 1/8 finalda iştirak hüququna yiyələnəcəklər. Onların Bakıda asanlıqla təslim olacağını gözləmək də sadəlövhlük olardı. Çünki Famil Ağayevin rəhbərlik etdiyi komandadan səfərdə də qələbə gözlənilirdi. Lakin onlar bunu bacarmadığından, məğlubiyyəti doğma divarlar arasında sığortalamağa çalışacaqlar. Bu səbəbdən də hər şey ilk setdən asılı olacaq. Əgər “Azərreyl” matça yaxşı başlamasa, onların sonradan toparlanması inandırıcı görünmür. Rəqib bundan istifadə edib, cütün taleyini həll edəcək. Amma voleybolçularımız ilk dəqiqələrdən fəallıq nümayiş etdirsələr, bunu “Qızıl set”də də davam etdirə biləcəklər.

 

Çelenc Cup

1/16 final, cavab oyunu

9 yanvar

18:00. “Azərreyl” (Azərbaycan) - “Ştiinta” (Rumıniya)

Hakimlər: Teodora Kiriopoulou (Yunanıstan), Milan Nikoliç (Bosniya və Herseqovina)

Bakı. Voleybol Mərkəzi

 

“Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Svetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova

 

“Ştiinta”: 1. Melinda Sipos, 2. Adriana Roqojinaru, 4. Anamariya Berdila, 5. Alise Kapelovies, 6. Mihaela Albu, 7. Ana Kristina Cazacu, 8. Loredana Filipas, 9. Ana-Mariya Lupa, 10. İrina-Kristina Radu, 12. Georgina Fales, 13. Aleksandra Ciucu, 16. Lorena Raisa Ciocian

 

İlk oyun: “Ştiinta” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:23, 25:20, 22:25, 25:18)

 

 

0