[b]“Ehtiyatda bir hücumçumuz olsaydı...” – baş məşqçi[/b]
12.01.2018 - 16:15
[b]“Ehtiyatda bir hücumçumuz olsaydı...” – baş məşqçi[/b]

“Azərreyl”in baş məşqçisi Famil Ağayevin apasport.az saytına müsahibəsi

 

- Komandanız “Çelenc Cup”da Rumıniyanın “Ştiinta” klubuna “Qızıl set”də məğlub olaraq, avrokubokla vidalaşdı. Artıq həmin matçdan 3 gün ötüb. Sonradan oturub görüşü təhlil etmisizmi?

- Səfərdə 1:3 hesabı ilə məğlub olsaq da, cavab matçında 3:0 hesabı ilə qalib gəldik. Həmin 3 hissə ərzində etmədiyimiz səhvləri “Qızıl set”də etdik. Halbuki, həmin səhvləri etməyə bilərdik. Oyun təcrübəsinin az olması da öz sözünü dedi. Gərginlik olduqda bəzi gənc oyunçular özlərini itirirdi. Həmçinin, ehtiyatda bir hücumçumuz olsaydı, ikili dəyişiklik də edə bilərdim. Toppaylayıcımız öndə olduqda ehtiyat qüvvəni meydana buraxıb həm ikili bloku, həm də hücumu gücləndirərdim. Amma elə bir alternativim yox idi. Təəssüf ki, “Qızıl set”də 10:5 hesabı ilə öndə olarkən yekunda rəqib qələbə qazandı.

 

- Məhz həmin məqama gəlmək istəyirdik. Həmin an nə baş verirdi? Taktiki gediş etmək mümkün deyildimi?

- Gəlin, həmin hissəni xatırlayaq. Hesab 10:5 olduqda düzgün qəbulla topu Viktoriya Ağakişiyevaya ötürdülər. Topu torun ortasına vurdu və hesab 10:6 oldu. Oyunçumun səhvidi. Sonra rəqib topu oyuna daxil etdikdə Valeriya Məmmədova ilə Yekaterina Jidkova anlaşa bilmədi və hesab 7:10 oldu. Ardınca biz xal götürdük və rəqibin növbəti “podaça”sında yenidən səhv etdik. Bu, blokdan qayıdan topda təkrarlandı. Yəni öz səhvlərimizdən uduzduq, rəqib ekstra bir şey etmədi. Sadəcə, blok qoyub, topu oyunu daxil edirdi. Bir tərəfdə isə bir az çaşqınlıq yaranırdı.

 

- Bu görüşdən sonra komandadan ayrılacağınızla bağlı fikirlər dolaşırdı. Bu nə dərəcədə doğrudu?

- Elə bir şey yoxdu. “Azərreyl”dəyəm və mövsümün axırınadək də burda olacağam.

 

- Bəs Super Liqada hədəfiniz nə olacaq? Bu heyətlə oynamaq çətin olmayacaq ki?

- Hazırda 2-si libero olmaqla, 8 oyunçuya sahibik. Şəfaqət Həbibova da zədələnib. Yanvarın 15-dən bir araya gələcəyik. Bizə bir oyunçu – 4-cü zona lazımdı. “Lokomotiv”lə görüşdə Svetlana Dorsmanı bu mövqedə oynatmışdım. Heyəti daha da gücləndirmək üçün 1 transfer etməyə çalışacağıq.

 

- Rəqiblərinizi necə qiymətləndirərdiz?

- Demək olar ki, hamısı eyni gücdədi. Bir az “Abşeron”u və AVF-i fərqləndirmək mümkündü. “Lokomotiv”də isə gənclər millimiz oyunçuları toplaşıblar.  

 

0