"Çimərlik Polosu See Breeze 2026" turniri 11–13 sentyabr 2026-cı il tarixlərində Sea Breeze Resort ərazisində, Havana Beach-də keçiriləcək.
Apasport.az xəbər verir ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və Sea Breezedir.
Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.
Turnir çərçivəsində 11, 12 və 13 sentyabr tarixlərində hər gün saat 16:00-dan etibarən 2 polo oyunu keçiriləcək. Komandaların hansı gün və hansı rəqiblə qarşılaşacağı oyunlardan bir gün əvvəl keçiriləcək püşkatma əsasında müəyyənləşdiriləcək. Beach Polo formatında hər oyun 4 hissədən – çukkerdən ibarətdir. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələr nəzərə alınmaqla bir oyunun ümumi müddəti təxminən 30–40 dəqiqə təşkil edir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların müddətində və proqramda müəyyən dəyişikliklər edilə bilər. Turnirin final oyunu 13 sentyabr saat 16:00-da keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim edilməsi mərasimi təşkil olunacaq. Tədbir çərçivəsində idman proqramı ilə yanaşı, tamaşaçılar üçün DJ proqramı və əyləncə elementləri də nəzərdə tutulur. Turnirə giriş bilet əsasında həyata keçiriləcək və üç gün ərzində ümumilikdə təxminən 500 tamaşaçının iştirakı gözlənilir. Turnirin oyunları İdman TV tərəfindən canlı yayımlanacaq. Bununla yanaşı, beynəlxalq polo auditoriyasına yönəlmiş Polo Line internet kanalı da tədbirdə iştirak edərək turnirin media işıqlandırılmasına və polo ictimaiyyətinə çatdırılmasına töhfə verəcək. "Çimərlik Polosu See Breeze 2026" Azərbaycanın atçılıq idmanının yeni və dinamik formatda təqdim olunması, beynəlxalq polo icması ilə əlaqələrin genişləndirilməsi, ölkənin polo və atçılıq mədəniyyətinin təbliği, eləcə də Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsi üzrə potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi nəzərdə tutulur.