Avarçəkmə üzrə “Prezident Kuboku-2024”də 20-dən çox ölkə yarışacaq - VİDEO
23.04.2024 - 13:56
Avarçəkmə üzrə “Prezident Kuboku-2024”də 20-dən çox ölkə yarışacaq - VİDEO

30 aprel – 3 may tarixlərində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatası keçiriləcək.

Apasport.az xəbər verir ki, 4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan olan komandalar qatılacaq. 

Reqatanın rəsmi paradı aprelin 30-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Parad saat 14:00-dən etibarən başlayacaq. “Prezident Kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar 1 may tarixində tarixi torpağımız Suqovuşanda baş tutacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata 2-3 may  tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

0