“Həvəskar boksda qalmağımı istəyirdilər. Amma 2016-cı ildə keçirilən Rio Olimpiadasından sonra peşəkar boksa keçməyə qərar verdim”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov deyib.
Həvəskarlar arasında üçqat dünya çempionu bu gün peşəkar rinqdə 3-cü döyüşünə çıxacaq. Puerto Riko idmançısı Sahret Delqadonu sınağa çəkəcək Məcidov koronavirus pandemiyası ilə bağlı idman yarışlarında yaranan fasilə üzündən təxminən bir il rinqdən kənarda qalmasına baxmayaraq formada olduğunu bildirib: “Hər şey yaxşıdır. Mən bir ildən sonra yenidən rinqə qayıtdığım üçün xoşbəxtəm. Döyüşə tam hazıram”.
Məhəmmədrəsul rəqibi barədə fikirlərini də açıqlayıb: “Sahret pis döyüşçü deyil. Amma mən nə qədər yaxşı olduğumu döyüş gecəsində göstərəcəyəm”.
Ağır çəkidə peşəkarlar arasında dünya çempionu Entonu Coşuanı həvəskarların yarışında məğlub etmiş təmsilçimiz Böyük Britaniya təmsilçisinə meydan oxuyub. Onu peşəkar rinqdə də məğlub edə biləcəyini qeyd edən Məcidov çempionluq mesajı verib: “Entoni Coşua ilə döyüşümü xatırlayıram. O, çox yaxşı boksçudur. Amma mənim də yaxşı təcrübəm var. Düşünürəm ki, Coşua üzərində qələbəni təkrarlaya bilərəm”.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar