Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq “Prezident kuboku” reqatası start götürüb
26.03.2008 - 12:59
Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq “Prezident kuboku” reqatası start götürüb
Mingəçevir. Aqşin Əliyev-APA-Sport. Bu gün Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində akademik avarçəkmə, baydarka və kanoe üzrə beynəlxalq “Prezident kuboku” reqatası start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa Azərbaycan, Rusiya, Gürcüstan və İranın 120-dən artıq idmançısı qatılıb. Turnirin açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev avarçəkməni cəsarətli idmançıların yarışı adlandırıb. M. Ağayev bu idman növünün ölkəmizdə, xüsusilə Mingəçevirdə sürətli inkişaf etdiyini vurğulayıb. Ardından gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov nitq söyləyərək, avarçəkənlərimizin Pekin olimpiadasına vəsiqə qazanacaqlarına inamını ifadə edib. Vaxtilə Mingəçevirdə möhtəşəm avarçəkmə bazasının fəaliyyət göstərdiyini deyən İ. İsmayılov qeyd edib ki, əvvəlki əzəmətini qaytarmaq üçün bazada yenidənqurma işləri aparılır. Daha sonra Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov çıxış edib. O, fərdi olimpiya növləri üzrə ilk beynəlxalq turnirin Mingəçevirdə təşkil olunduğunu bildirib: “Regionların sosial-iqtisadi inkişafına aid Dövlət Proqramının uğurla həyata keçirilməsi sayəsində Mingəçevirdə belə bir yarışı təşkil etmək mümkün olub. “Prezident kuboku”nu hər il keçirmək niyyətindəyik. Gələcəkdə bu yarışa Ukrayna, Türkiyə, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələrin avarçəkənlərini dəvət etməyi planlaşdırırıq”. Avarçəkmənin yaxşı maddi-texniki bazaya malik olduğu vurğulayan federasiya prezidenti mütəxəssis çatışmazlığını diqqətə çatdırıb. Onun sözlərinə görə, tezliklə Əli-Bayramlı, Gəncə və Daşkəsəndə baza tikiləcək. E. Zeynalov onu da əlavə edib ki, yaxın 4 ildə yüksək müvəffəqiyyətlər qazanılacağına böyük inam var: “Məqsədimiz 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Olimpiya Oyunlarında təmsil olunmaqdır. Bundan başqa, 2012-ci ildə Londonda baş tutacaq olimpiadada çıxış etmək və ölkəmizin şərəfini layiqincə qorumaq istəyirik”.
Qeyd edək ki, “Prezident kuboku” martın 30-da başa çatacaq.
0