Nəriman Abdullayev: “Milli komandanın biabırçı çıxışına haqq qazandırmaq istəmirəm”
15.04.2008 - 16:39
N.Abdullayev bəzi idmançıların imkanından aşağı səviyyədə çıxış etdiyini bildirib: “İlk növbədə təcrübəli və dünya çempionatının mükafatını qazanan Romal Amanovla Elçin Əlizadədən lisenziya gözləyirdik. Amma onlar da digərləri kimi etimadı doğrultmadılar. Ümumiyyətlə, boksçular nə bacarırdılarsa, onu göstərdilər”. Milli komandada böyük dəyişikliyə ehtiyac olduğunu deyən baş məşqçi, bundan sonra əsas diqqəti Pekin Olimpiadasına vəsiqə qazanan boksçuların hazırlığına yönəldəcəklərini qeyd edib: “Mən cəmi üç aydır komandanı qəbul etmişəm və bu müddətdə radikal dəyişiklik etmək mümkün deyildi. Bunu deməklə, özümə və komandanın biabırçı çıxışına haqq qazandırmaq istəmirəm. Əksinə, nəticəyə görə utandım. Fikrimcə, komandada ciddi dəyişikliyə ehtiyac var. Mən təyinat alandan sonra 1-2 çəkidə dəyişiklik etdim. Amma bu, çox azdır. Komanda yenilənməlidir. Heyətə istedadlı gəncləri cəlb etmək daha məqsədəuyğundur. Hələliksə, olimpiadaya vəsiqə qazanan Şahin İmranovla Samir Məmmədovun hazırlığına ciddi diqqət yetirməliyik”.
0
0