İspaniya yığması Bakıda keçirilən otüstü hokkey turnirinin qalibi olub
21.04.2008 - 11:06
İspaniya yığması Bakıda keçirilən otüstü hokkey turnirinin qalibi olub
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın qadınlardan ibarət otüstü hokkey üzrə milli komandası Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Bakıda keçirilən beynəlxalq turnirin finalında İspaniyaya uduzduğundan olimpiadaya yollanmaq şansını itirib. Pakistanlı baş məşqçi Tahir Zamanın yetirmələri yarışın həlledici matçında iki dəfə məğlub duruma düşsələr də, hesabı bərabərləşdirə biliblər. Hər iki epizodda Dilfuzə Mirzəliyeva fərqlənib. Lakin qarşılaşmanın başa çatmasına 3 dəqiqə qalmış İspaniyanın kapitanı Silviya Munyos qələbə topunu vurub – 3:2. Nəticədə yeganə lisenziyanı pireneylilər əldə ediblər. Bundan başqa, Ukraynaya 2:1 hesabı ilə qalib gələn Çili 3-cü pilləni tutub. Belarus isə Keniyanın qapısından 5 cavabsız top keçirməklə, 5-ci yerə sahib çıxıb.
0