Avropa çempionatının ən məhsuldar futbolçusu David Vilya olub
30.06.2008 - 11:06
Avropa çempionatının ən məhsuldar futbolçusu David Vilya olub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya milli komandasının üzvü David Vilya Avstriya və İsveçrənin birgə təşkil etdiyi XIII Avropa çempionatının ən sərrast futbolçusu olub. “APA-Sport” agentliyinin məlumatına görə, 27 yaşlı hücumçu turnirdə keçirdiyi 4 görüşdə 4 qola imza atıb. D.Vilya final mərhələsinin ən məhsuldar futbolçusu kimi ikinci ispaniyalıya çevrilib. 1964-cü ildə də İspaniya qitə çempionu olarkən yığmanın üzvü Xesus Mariya Pereda hamıdan çox qol vurmuşdu. Avro-2008-in bombardirini 4 futbolçu - Lukas Podolski (Almaniya), Semih Şəntürk (Türkiyə), Roman Pavlyuçenko (Rusiya) və Hakan Yakın (İsveçrə) izləyib. Turnirdə vurulan 77 qol 53 futbolçunun adına yazılıb.

Avropa çempionatlarının final mərhələlərinin ən sərrast futbolçuları:

1960 – Fransua Ett (Fransa), Valentin İvanov, Viktor Ponedelnik (hər ikisi SSRİ), Milan Qaliç, Draqan Erkoviç (hər ikisi Yuqoslaviya) – 2 qol
1964 – Xesus Mariya Pereda (İspaniya), Ferents Bene, Deje Novak (hər ikisi Macarıstan) – 2
1968 – Draqan Caiç (Yuqoslaviya) – 2
1972 – Herd Müller (AFR) – 4
1976 – Diter Müller (AFR) – 4
1980 – Klaus Allofs (AFR) – 3
1984 – Mişel Platini (Fransa) – 9
1988 – Marko van Basten (Hollandiya) – 5
1992 – Tomas Brolin (İsveç), Denis Berqkamp (Hollandiya), Karl Hayns Ridle (AFR), Henrik Larsen (Danimarka) – 3
1996 – Alan Şirer (İngiltərə) – 5
2000 – Patrik Klyuvert (Hollandiya), Savo Miloşeviç (Serbiya) – 5
2004 – Milan Baroş (Çexiya) – 5
2008 – David Vilya (İspaniya) - 4
0