Azərbaycan taekvondo yığmasının baş məşqçisi: “Rəşad Əhmədovun hazırlıq səviyyəsi qənaətbəxşdir”
02.07.2008 - 10:56
Azərbaycan taekvondo yığmasının baş məşqçisi: “Rəşad Əhmədovun hazırlıq səviyyəsi qənaətbəxşdir”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Rəşad Əhmədovun hazırlıq səviyyəsi qənaətbəxşdir. Pekin Olimpiadasınadək arzuolunmaz halla üzləşməsək, hər şey yaxşı olacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında taekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib. Onun bildirdiyinə görə, Yay Olimpiya Oyunlarında mübarizə aparacaq yeganə taekvondoçumuz R.Əhmədov qarşıdakı günlərdə məşqləri Bakıda davam etdirəcək: “Çox güman ki, olimpiadaya qədər paytaxtda, Taekvondo Federasiyasının idman zalında hazırlaşacağıq”. Baş məşqçi Koreyada təşkil edilən təlim-məşq toplanışının yarımçıq dayandırılmasına bəzi amillərin səbəb olduğunu bildirib: “Öncə Koreyada 1-4 iyul aralığında keçiriləcək taekvondo festivalına qatılmağı nəzərdə tutmuşduq. Ancaq mümkün zədədən qorunmaq üçün yarışda iştirak etmədik. Həm də 15 günlük məşq idmançılara yetərli oldu”. Ə.İmaməliyev vurğulayıb ki, R.Əhmədov Pekinə avqustun 16-da ikinci nümayəndə heyəti ilə yollanacaq. 27 yaşlı idmançımızın Çin paytaxtına Yay Olimpiya Oyunlarının startından 8 gün sonra getməsi taekvondo yarışlarının gec başlanması ilə əlaqədar olacaq. Belə ki, olimpiadada taekvondoçular avqustun 20-də mübarizəyə qoşulacaqlar. R.Əhmədov isə avqustun 22-də tatami üzərinə çıxacaq.
0