Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatı baş tutmayıb
07.07.2008 - 13:04
Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatı baş tutmayıb
Bakı. Aqşin Əliyev - APA-Sport. 21 yaşadək oğlanlardan ibarət milli komandalar arasında iyulun 20-dən 26-dək Bakıda keçirilməsi nəzərdə tutulan Avropa çempionatı Çelenc divizionunun oyunları baş tutmayacaq. Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, buna iştirakçı ölkələrin turnirdən imtina etmələri səbəb olub. Belə ki, öncə Portuqaliya, daha sonra ardıcıllıqla Slovakiya, Cəbəllütariq və Yunanıstan yığmaları paytaxtımıza gəlməkdən boyun qaçırıblar. Çempionatda iştirakdan yalnız Türkiyə milli komandası imtina etməyib. İki komanda ilə yarış keçirməyin qeyri-mümkünlüyü görən AzHF bununla bağlı Beynəlxalq Hokkey Federasiyasını məlumatlandırıb. Nəticədə Azərbaycan və Türkiyə yığmalarının Çelencdən bir pillə yüksək - Trofi divizionunda mübarizə aparmalarına icazə verilib. Beləliklə, otüstü hokkeyçilərimiz İtaliyanın Bra şəhərində təşkil olunacaq Avropa çempionatı Trofi divizionunun A qrupunda çıxış edəcək. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv İtaliya (21 iyul), Çexiya (22 iyul), Belarus (23 iyul) və Uelslə (24 iyul) qarşılaşacaq. Turnirin iki qalibi qitə birinciliyinin ən yüksək divizionuna yüksələcək. Milli komandamız Avropa çempionu titulunu qazanmaq üçün ilk növbədə qrup mərhələsini minimum ikinci yerdə başa vurmalıdır.
0