Azərbaycan boksçuları Pekin Olimpiadasına Masallıda hazırlaşırlar
15.07.2008 - 11:31
Bakı. Aqşin Əliyev - APA-Sport. Boks üzrə Azərbaycan milli komandasının üzvləri XXIX Pekin Yay Olimpya Oyunlarına Masallıda hazırlaşırlar. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın baş məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, hazırlıq məqsədilə keçirilən təlim-məşq toplanışına 9 boksçu qatılıb. Masallıya Pekin Olimpiadasında döyüşəcək Şahin İmranov və Samir Məmmədovla yanaşı, daha 7 idmançı aparılıb: “Təlim-məşq toplanışında ümumilikdə 9 boksçu iştirak edir. İmranov və Məmmədovdan başqa hazırlığa əsasən gənc və perspektivli idmançılar cəlb olunublar. Yığmanın aparıcı üzvləri isə həqiqi hərbi xidmətlə əlaqədar, Bakıda qalıblar”. N.Abdullayev az öncə əlindən zədələnən milli komandanın kapitanı Ş.İmranovun vəziyyətinin qənaətbəxş olduğunu bildirib: “Yay Olimpiya Oyunlarında mübarizə aparacaq hər iki boksçumuzun hazırlıq səviyyəsi yaxşıdır. Üstəlik, Şahinin zədəsi 90-95 faiz sağalıb. İndi o, tam gücü ilə məşq edə bilir”. Təlim-məşq toplanışı iyulun 20-də yekunlaşacaq. Bundan sonra bir neçə gün Bakıda məşq edəcək Ş.İmranov və S.Məmmədov Çin paytaxtına avqustun 1-də yollanacaqlar.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0