“İnter” üç illik həsrətə son qoya biləcəkmi?
21.07.2008 - 16:03
“İnter” üç illik həsrətə son qoya biləcəkmi?
Makedoniya təmsilçisi ilə indiyədək avrokuboklarda yeganə səfər matçımız elə ÇL-ə təsadüf edib və bizim üçün uğursuz olub. Belə ki, bu ölkənin “Sloqa Yuqomaqnat” klubu 9 il öncə “Kəpəz”i evdə 1:0 hesabı ilə məğlub edib. Öz meydanında keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən “İnter” səfər matçı öncəsi üstünlük qazana bilməyib. Bu səbəbdən komandamız cavab görüşündə istənilən hesabla uduzacağı halda, mübarizəni dayandırmış olacaq. Azərbaycan çempionunun öz meydanında qol buraxmadığını nəzərə alsaq, məhsuldar heç-heçə sayəsində mərhələ adlamağına imkan verir. Bunun reallaşması isə ölkəmizin ÇL-dəki üç illik həsrətinə son qoyacaq. Belə ki, axırıncı dəfə bu turnirdə ikinci mərhələyə 2005-ci ildə “Neftçi” yüksəlib. Bundan sonrakı illərdə “Bakı” və “Xəzər-Lənkəran” ÇL-də çıxışını ilk mərhələdəcə dayandırıb. Bu iki komanda kimi turnirin debütantı olan “İnter” mübarizəni davam etdirmək hüququ qazanarsa, Serbiyanın ən titullu klublarından olan “Partizan”la qüvvəsini sınayacaq.
Çempionumuzun ilk oyunda əsas itkilərindən olan Xaqani Məmmədov sıraya dönüb. Ötən mövsüm vurduğu 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 32 yaşlı hücumçu “Rabotniçki” ilə ilk görüş öncəsi son məşqdə xəsarət almışdı. Zədəsini sağaldan X.Məmmədov avrokuboklarda qol hesabını sabah Skopyedəki matçda açmağa çalışacaq. Sloveniyalı yarımmüdafiəçi Qoran Arnautla uruqvaylı hücumçu Roman Quello isə zədə səbəbindən cavab görüşünü da kənardan izləməli olacaqlar.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-də başlayacaq “Rabotniçki” – “İnter” oyununu 40 yaşlı Asaf Kenanın rəhbərlik etdiyi israilli hakimlər briqadası idarə edəcək.
0