Azərbaycan Otüstü Hokkey Federasiyası Belçikanın hüquq şirkəti ilə müqavilə bağlayıb
22.07.2008 - 14:02
Azərbaycan Otüstü Hokkey Federasiyası Belçikanın hüquq şirkəti ilə müqavilə bağlayıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) rəhbərliyi Belçikada fəaliyyət göstərən hüquq şirkəti ilə müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bunu AzHF-nin vitse-prezidenti Namiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hüquq şirkəti ilə anlaşmaya Beynəlxalq Hokkey Federasiyasının (FİH) apreldə Bakıda keçirilmiş lisenziya xarakterli turnirdə baş verən dopinq qalmaqalı barədə qərarından sonra zərurət yaranıb: “Həmin yarışda İspaniyanın iki hokkeyçisi istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etsə də, FİH heç bir cəza tədbiri həyata keçirmədi. Artıq Belçikadakı hüquq şirkəti işə başlayıb və bizim istəyimizi beynəlxalq federasiyaya çatdırıb. Yəqin ki, 1-2 günə özüm də İsveçrəyə gedərək, FİH-in mənzil-qərargahında olacağam”. N.Əliyev vurğulayıb ki, İspaniya tərəfinin səsləndirdikləri ittihamlar absurddur: “İspaniyalılar Bakıda bizə hörmətsizlik etdilər. Onlar özbaşına otel tutdular, ümumi ziyafətə təşrif buyurmadılar. Yarışdan sonra isə İspaniya mətbuatına bildirdilər ki, guya qaldıqları otelə kondisioner vasitəsilə qaz buraxılıb. Bunların hamısı yalandır”. AzHF rəsmisi FİH-in ispaniyalı hokkeyçilər barədə çıxardığı qərardan şoka düşdüklərini söyləyib. O, İspaniya yığmasının bağışlanmasını idmanda ikili standart kimi qiymətləndirib: “Halbuki FİH-in prezidenti Els van Breda Vraysman bizimlə görüşdə, bu məsələni mətbuatda qabartmağın məqsədəuyğun olmadığını demişdi. O, otüstü hokkeyin simasını qorumağımızı istəyirdi. Məhz bu səbəbdən KİV-də dopinq qalmaqalı ilə bağlı çox məlumatların yayılmasına yol vermədik. Els van Breda Vraysman ədalətli, obyektiv qərarın çıxarılacağını söyləyirdi. Amma FİH-in qərarı bizi şoka saldı. İspaniyalıların nəyə görə cəzalandırılmaması anlaşılmazdır. Deməli, siyasətdə olduğu kimi, idmanda da ikili standart mövcuddur”. N.Əliyev milli komandamızın lisenziya xarakterli beynəlxalq turnirin finalçısı qismində Pekin Olimpiadasına yollanması üçün sonadək mübarizə aparacaqlarını nəzərə çatdırıb: “Biz dopinq qalmaqalında üçüncü tərəf olmuşuq. Yəni səlahiyyətlərimiz, təsiretmə imkanımız məhdudlaşdırılıb. Buna baxmayaraq, FİH və İspaniya yığmasına qarşı axıradək mübarizə aparacağıq. Ümidvarıq ki, məsələ bizim xeyrimizə həll olunacaq”.
Mətbuat konfransında iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə ispaniyalılara etirazını bildirib: “İndiyədək heç kim Bakıda beynəlxalq turnirlərin təşkilatçılığından şikayətlənməyib. Bu mənada ispaniyalıların hay-küy salmaları əsassızdır”. İ.İsmayılov FİH-in qərarını dəyişəcəyinə və hokkeyçilərimizin uzun illər çəkdikləri zəhmətin hədər getməyəcəyinə inamını ifadə edib.
0