Azərbaycan milli komandası Avropa çempionatına məğlubiyyətlə başlayıb
22.07.2008 - 16:21
Azərbaycan milli komandası Avropa çempionatına məğlubiyyətlə başlayıb
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Bra şəhərində 21 yaşadək oğlanlardan ibarət otüstü hokkey üzrə milli komandalar arasında Avropa çempionatı Trofi divizionunun oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, 10 kollektivin 2 qrupda mübarizə apardığı yarışa Azərbaycan yığması da qatılıb. Turnirin startı A qrupunda yer alan milli komandamız üçün uğursuz olub. Saleh Hüseynovla Yusif Qasımovun yetirmələri ilk turda meydan sahiblərinə uduzublar. İtaliyalılarla oyunun ilk hissəsində qapılarından 4 top buraxan otüstü hokkeyçilərimiz fasilədən sonra da qarşılaşmanın gedişində dönüş yarada bilməyiblər və 1:5 hesablı məğlubiyyətlə üzləşiblər. Bu gün yığmamız qrupun autsayderlərindən sayılan Çexiyanı sınağa çəkəcək. Qarşıdakı günlərdə isə Belarus və Uelslə görüş olacaq. Turnirdə 1-2-ci yerləri tutan komandalar qitə birinciliyinin ən yüksək divizionuna yüksələcək. Milli komandamız qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə qrup mərhələsini minimum ikinci pillədə başa vurmalıdır.
Bu gün, həmçinin 21 yaşadək qızlardan ibarət yığmamız Avropa çempionatında mübarizəyə qoşulur. Avstriyanın paytaxtı Vyanada təşkil olunan Çelenc divizionunda xanım idmançılarımız birinci oyunu Türkiyəyə qarşı keçirəcəklər. İyulun 23-də Avstriya, bundan iki gün sonra isə Slovakiya ilə görüş baş tutacaq. Bir dövrəli yarışın yekununda ilk iki pilləni tutan komandalar iyulun 26-da öz aralarında qalibi müəyyənləşdirəcəklər.
0