Valentin Xodukin: “Partizan” klubuna asanlıqla məğlub olmayacağıq”
23.07.2008 - 12:08
Valentin Xodukin: “Partizan” klubuna asanlıqla məğlub olmayacağıq”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Çempionlar Liqasında mərhələ adlayan Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin deyib. Makedoniyada “Rabotniçki” ilə 1:1 heç-heçə edən Azərbaycan çempionunun çalışdırıcısı göstərilən dəstəyin böyük rol oynadığını bildirib: “Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts oyunu izləməyə gəlmiş və bizə görə həyəcanlanırdı. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də bizimlə birgə səfərə çıxmaqla, böyük dəstək verdi. Üstəlik, oyunun Azərbaycanda canlı yayımla göstəriləcəyini biləndə, daha da ruhlandıq, qol-qanadımız qalxdı. Televiziyada izləyə bilmədiyiniz ilk 20-25 dəqiqədə biz daha inamlı təsir bağışladıq və rəqib qapısına 4 təhlükəli zərbə vurduq”. V.Xodukin Kiyevin “Dinamo” klubundan transfer etdikləri belaruslu yarımmüdafiəçi Valentin Belkeviçi meydana buraxmağı planlaşdırdığını söyləyib: “İkinci hissənin startında kobud səhv nəticəsində qol buraxmasaydıq, Belkeviçin debüt etməsinə imkan yaradacaqdım. Hər halda, bu təcrübəli yarımmüdafiəçi isinmə hərəkətlərini tapşırıq verdiyim üç futbolçudan biri idi. Ancaq sonda Elvin Məmmədova üstünlük verdim ki, o da məhsuldar ötürmə ilə görüşün taleyini həll etdi. Dəqiq zərbə vuran Bronislav Çervenka isə əsas futbolçularımdan biridir və topu rəqibdən almaq bacarığı ilə seçilir”. 2008-ci ilin ona düşərli olduğunu deyən 69 yaşlı ukraynalı mütəxəssis belə davam etməsini arzulayır: “Məni ən çox sevindirən odur ki, artıq bizdən Çempionlar Liqasında mərhələ adlamaq tələb olunur. Bu, “İnter”in artıq inkişaf etdiyi göstərir. Düzdür, zəif cəhətlərimiz var ki, onu aradan qaldırmaq üçün vaxt lazımdır. Azərbaycanda ilk titul qazanan, Çempionlar Liqasında ilk mərhələ adlayan əcnəbi mütəxəssis olmağım mənim üçün çoxdur. Bura avrokuboklarda ilk dəfə mərhələ keçməyimi də əlavə etsək, məşqçilik karyeramda ən böyük uğuru “İnter”də qazanıram. Əslində, mənim üçün ən önəmlisi oyundan sonra Bakıda azarkeşlərin pəncərədən baxıb, “ura, ura” qışqırması olub. Futbolçularla matçdan dərhal əlaqə saxlayan yaxınları bunu dedi. İstəyim “İnter”in “Neftçi” və “Xəzər-Lənkəran” kimi azarkeşlərinin çox olmasıdır. Bu isə tez bir zamanda baş vermir və uğurlu çıxışımızla buna doğru gedirik”.
V.Xodukin növbəti rəqib Belqradın “Partizan” klubunun onlara yuxarıdan aşağı baxdığını etiraf edir: “Partizan” “İnter”in ona rəqib olmadığını deyir. Sözsüz ki, çoxsaylı titulları olan bu komanda bizim cütdə aşkar favoritdir. Ancaq bu futboldur və hər şey ola bilər. Çempionlar Kubokunun sabiq finalçısı Bakıya gətirmək artıq böyük işdir. “Partizan”a asan təslim olmayacağıq və biz də üçüncü mərhələyə çıxmaq istəyirik”.


0