Georgi Nikolov: “Makedoniya çempionundan fərqli, “Partizan”la oyun asan olacaq”
23.07.2008 - 16:50
Georgi Nikolov: “Makedoniya çempionundan fərqli, “Partizan”la oyun asan olacaq”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Çempionlar Liqasının (ÇL) ikinci mərhələsinə yüksələn Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Hələ püşkdən sonra “Rabotniçki”ni keçməyə borclu olduqlarını deyən G.Nikolov komandasının oyunundan tam razı qalmayıb: “Görüşü fəxri tribunadan bir yerdə izlədiyim Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla necə oynadığımızı soruşdum. Almaniyalı mütəxəssisin cavabı “siz düzgün oynadınız” oldu. Yəni, baxımlı oynamasaq da, sonda nəticəni əldə etdik. İkinci mərhələyə yüksələn komandanın “İnter” olması məntiqəuyğundur. Çünki komandamız “Rabotniçki”dən səviyyəcə bir baş üstün idi. Sözsüz ki, əsas hücumçularımızdan olan Valter Quqlemonu itirməyimiz üzücüdür. Rəqib soyuqqanlı olan uruqvaylı futbolçumuzu təxribata çəkdi ki, bu da cəza ilə nəticələndi”. Hücumda yaranan boşluğu doldurmağı vacib hesab edən “İnter”in prezidenti növbəti rəqib “Partizan”ı yaxşı tanıdığını söyləyib: “Partizan” rəqibə oynamağa imkan yaradan komandadır. Bu mənada “Rabotniçki”dən fərqli, Serbiya çempionu ilə görüş bizim üçün asan olacaq. İlk növbədə ona görə ki, psixoloji gərginlik olmayacaq və minimum vəzifəni yerinə yetirdiyimizdən meydana rahat çıxacağıq. “Rabotniçki”nin oyun tərzi “Olimpik”ə oxşayırdı. Yəni, daha çox müdafiəyə diqqət yetirən komanda qapalı oynayır. Fikrimcə, Valentin Belkeviç “Partizan”la görüşdə artıq bizə kömək etmək gücündə olacaq”. Adlı-sanlı rəqibdən çəkinməyərək, ona asanlıqla təslim olmayacaqlarını söyləyən G.Nikolovun sözlərinə görə, Belqraddakı oyun bizim üçün çox çətin olacaq: “Partizan”ın ev oyunları hələ sosializm dövründən mənə yaxşı tanışdır. Bu klubun çılğın azarkeşlərinin ləqəbi “qəbirqazanlar”dır. Onlar Belqraddakı oyunlar zamanı 12-ci yox, 13-14-cü futbolçular olur. Bu mənada gələn həftə Bakıda keçirəcəyimiz ilk oyunda azarkeşlərin möhtəşəm dəstəyinə böyük ümid bəsləyirik və onların iyulun 29-da Respublika stadionuna dəvət edirik. Həmin matçda yaxşı oyun göstərib, 90-cı dəqiqədə də olsa qol vuracağıq. Skopyedəki görüşdə 72-ci dəqiqədə fərqlənəcəyimi demişdim və sonda 5 dəqiqə yanıldım”.
0