Dünya çempionatında çıxış edəcək Azərbaycan güləş yığmalarının heyəti açıqlanıb
24.07.2008 - 10:43
Bakı. Elşən Məmmədov - APA-Sport. İyulun 29-da Türkiyənin İstanbul şəhərində start götürəcək dünya çempionatına yollanacaq Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarının heyəti açıqlanıb. Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, altı gün davam edəcək dünya birinciliyində ölkəmiz 17 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Arif Abdullayev sərbəst güləşçilərimizdən Nicat Muradov (50 kq), Yaşar Əliyev (55 kq), Xaybula Şahalov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Pərviz Məmmədov (74 kq), Şərif Şərifov (84 kq), Camaləddin Məhəmmədov (96 kq) və Mixail Qazzayevə (120 kq) şans verəcək. Bu pəhləvanlardan 3-ü – X.Şahalov, C.Məhəmmədov və M.Qazzayev rusiyalıdırlar. Baş məşqçi Ağalar Aslanovun rəhbərliyi altında 6 yunan-Roma güləşçimiz – Orxan Əhmədov (50 kq), Taleh Məmmədov (55 kq), Hacıxan Mustafayev (60 kq), Rafiq Hüseynov (66 kq), Elvin Mürsəliyev (74 kq), Səbuhi Hümbətov (84 kq) və Aydın Səfərov (96 kq) qüvvəsini sınayacaq. Məşqçi Arif Fərmanov isə qonşu ölkəyə cəmi 2 qadın güləşçi – Nadya Qradyukla (51 kq) Sona Əhmədlini (59 kq) aparacaq. Çempionatın ilk iki günündə yunan-Roma, 31 iyul – 1 avqustda qadın, son iki gün ərzində isə sərbəst güləşçilər yarışacaqlar.
0
0