Azərbaycan yığması Çelenc divizionunun finalında oynamaq hüququ qazanıb
24.07.2008 - 11:04
Azərbaycan yığması Çelenc divizionunun finalında oynamaq hüququ qazanıb
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın 21 yaşadək qızlardan ibarət otüstü hokkey üzrə milli komandası Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa çempionatı Çelenc divizionunun finalında oynamaq hüququ qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Mixail Pinkovun rəhbərlik etdiyi yığmamız Türkiyə üzərində inamlı qələbədən (11:0) sonra meydan sahiblərini də məğlub edib - 3:1. Sabah Slovakiya ilə qarşılaşacaq milli komandamız bu oyunun nəticəsindən asılı olmayaraq turnirin finalında mübarizə aparacaq. Həmyerlilərimizin Trofi divizionuna yüksəlmək imkanı verən yeganə vəsiqə uğrunda rəqibi Avstriya – Türkiyə görüşündə müəyyənləşəcək.
İtaliyanın Bra şəhərində keçirilən 21 yaşadək oğlanlardan ibarət komandaların Trofi divizionu yarışı isə Azərbaycan yığması üçün uğursuz davam edir. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv İtaliya (1:5) və Çexiyanın (2:3) ardından Belarusa da uduzub - 1:3. Hesabında xal olmayan yığmamız hazırda sonuncu, 5-ci pillədə qərarlaşıb. Avropa çempionatının ən yüksək divizionuna yüksəlmək şansını itirən milli komandamız sabah Uelslə qarşılaşacaq.
0