Azərbaycan nümayəndə heyətinin qalacağı Olimpiya şəhərciyinin açılış mərasimi keçirilib
28.07.2008 - 10:59
Azərbaycan nümayəndə heyətinin qalacağı Olimpiya şəhərciyinin açılış mərasimi keçirilib
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində Olimpiya şəhərciyinin təntənəli açılış mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbir 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Çini təmsil edəcək 265 idmançı və rəsmi şəxsin iştirakı ilə təşkil olunub. Onların keçid cərgəsinə basketbol ulduzları Yao Min, İ Tszyanlyan və Van Çjiçji başçılıq edib. 66 hektarlıq ərazidən ibarət Olimpiya şəhərciyində çoxmərtəbəli yaşayış korpusları, gündəlik 6000-dək insanın nahar etməsi üçün restoran, kitabxana, xəstəxana, üzgüçülük hovuzları, tennis kortları, basketbol meydançaları, qaçış cığırları, mağazalar, kafe və hətta yanğınsöndürmə stansiyası var. Həmin obyektlərin xidmətindən Olimpiada boyunca 205 ölkənin, o cümlədən Azərbaycanın nümayəndə heyəti yararlanacaq. Yay Olimpiya və Paralimpiya Oyunları başa çatdıqdan sonra şəhərcik yenidən qurulacaq və Pekinin ümumi yaşayış fondunun ixtiyarına veriləcək. Bütün işlərin 2009-cu ilin sonunadək başa çatdırılması planlaşdırılıb. Çin mətbuatı artıq gələcək mənzillərin hamısının satıldığını və onların qiymətinin hər kvadratmetr üçün 2800 – 4200 dollar arasında dəyişdiyini yazıb.
0