Azərbaycan klubları UEFA kubokunda mübarizəni dayandırdılar - FOTOSESSİYA
01.08.2008 - 10:14
Azərbaycan klubları UEFA kubokunda mübarizəni dayandırdılar - FOTOSESSİYA
Lənkəranlılarla müqayisədə cavab görüşünü keçirən “Olimpik” Tofiq Bəhramov adına Respublika stadionunda Serbiyanın “Voyvodina” klubu ilə 1:1 hesablı heç-heçə edib. Komandamız hesabı 50-ci dəqiqədə açıb. “Karvan”ın sabiq oyunçularının təşkil etdiyi hücum zamanı Roman Axalkatsi Bəşir Müqədinin məhsuldar ötürməsini qola çevirib. Bundan sonra təzyiqi artıran qonaqlar sona 4 dəqiqə qalmış istəyinə çatıblar. Yerinə yetirilən cərimə zərbəsindən sonra hücuma qoşulan İqor Duriç topu başla qapıdan keçirib. Komandasını bir neçə dəfə real qoldan xilas edən “Olimpik”in qapıçısı Rauf Mehdiyev bu epizodda çıxışda kobud səhvə yol verib. Maraqlıdır ki, İ.Duriç ilk oyunda (1:0) da cərimə zərbəsindən sonra R.Mehdiyevin qapısına qol vuran futbolçu olub.
“Xəzər-Lənkəran” isə Polşanın “Lex” klubuna cavab görüşündə də yenilib. Özü də Bakıdakı məğlubiyyət minimal hesablı (0:1) idisə, Poznandakı yenilgi böyük hesablı olub – 1:4. Bununla da oyun qabağı “Lex”ə sürpriz vəd edən Ağasəlim Mircavadovun çalışdırdığı komanda polşalıları böyük hesablı qələbə ilə sevindirib. 35-ci dəqiqədə yerinə yetirilən cərimə zərbəsindən sonra “Lex”in Peru yığmasında da üzvü olan hücumçusu Ernan Rengito başla hesabı açıb. Komandamız fasiləyə az qalmış tarazlığı bərpa edə bilib. 44-cü dəqiqədə Zaur Ramazanov Radomir Todorovun ötürməsindən sonra rəqib müdafiəçini sürəti hesabına qabaqlayaraq, topu Kristof Kotorovskinin qoruduğu qapıdan keçirib. Ancaq ikinci hissədə “Xəzər-Lənkəran” mərhələ keçmək üçün lazım olan bir qolu vurmaq əvəzinə üçünü buraxıb. Bakıdakı oyunu zədə səbəbindən buraxan Polşa yığmasının yarımmüdafiəçisi Rafal Muravski 52-ci dəqiqədə effektiv zərbə ilə topu doqquzluğa göndərib. 64-cü dəqiqədə Dimitrije İnjac, bundan 19 dəqiqə sonra Pyotr Reiss Dmitri Kramarenkonu topu tordan çıxarmağa məcbur edib.
Qeyd edək ki, lənkəranlılar son iki qolu 10 nəfərlə buraxıb. Oyunu idarə edən israilli Meyr Levi ötən Zaqrebin “Dinamo” klubu Bakıdakı görüşdə olduğu kimi, “Xəzər-Lənkəran”ın futbolçusunu meydandan qovub. Rəqibi qəsdən vurduğuna görə kapitan Emin Quliyevə birbaşa qırmızı vərəqə göstərən M.Levi bu dəfə Elmar Baxşıyevə 61-ci dəqiqədə iki sarı vərəqə göstərərək, onu meydandan çıxarıb.

















0