Əsgər Abdullayev: “Olimpik” nə hücum futboluna, nə də çempionata hazırdır”
01.08.2008 - 11:49
Serbiyanın “Voyvodina” komandasıyla iki oyunun heç birində qələbə qazana bilməyən (0:1 və 1:1) 48 yaşlı mütəxəssis Bakıdakı görüşdə uğura yaxın olduqlarını bildirib: “İlk hissədə rəqib, fasilədən sonra isə biz daha yaxşı oyun nümayiş etdirdik. Fasilədə futbolçulara verdiyim tapşırıqlar oyunumuza öz müsbət təsirini göstərdi. Qol vurmaq üçün bir neçə imkanımız olsa da, təəssüf ki, bundan yararlana bilmədik. Əvəzində “Voyvodina” oyunun sonunda öz səhvimizdən sonra hesabı bərabərləşdirdi. Rəqibin standard vəziyyətlərdə təhlükəli olduğunu bildiyimizdən, hazırlıq zamanı buna diqqət yetirmişdik. Ancaq əfsuslar olsun ki, son dəqiqələrdə müdafiəçi ilə qapıçı arasında anlaşılmazlıq qolla nəticələndi və gözlənilməz qolun qurbanı olduq. Qapıçımız çıxışda səhv etməsəydi, əlavə vaxtda dəyişiklik etməklə qələbə topunu vuracağımızı düşünürdüm. Yəni, oyunun penaltilər seriyasına qədər getməsini istəmirdim”. Ə.Abdullayev bildirib ki, komandasını 90 dəqiqə ərzində hücum futbolu oynamağa hazır saymır: “Buna oyunçuların fiziki hazırlığı imkan vermir. İkinci hissədə əsl hücum futbolu nümayiş etdirdik. İstənilən halda, “Olimpik” əvvəlki futbolu oynamır. Xətlər arasında əlaqə çox zəif, cinahlarda da problemlərimiz olduğu üçün hələ çempionata da tam hazır deyilik. Komandadan çoxlu futbolçu gedib, yeni oyunçular isə hələ yaxşı uyğunlaşmayıb. Bununla özümü sığortalamaq fikrində deyiləm. Sadəcə, seleksiya işi il boyu görülməlidir. Komandaya yenə oyunçular cəlb edəcəyik. Bunlar əsasən cinah oyunçuları və hücumla bağlı olacaq. Komandanın oyununda köklü dəyişiklər etmək istəyirəm”.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0