Belarus yığmasının baş məşqçisi Azərbaycan Güləş Federasiyasını günahlandırır
01.08.2008 - 12:21
Belarus yığmasının baş məşqçisi Azərbaycan Güləş Federasiyasını günahlandırır
Bakı. Elşən Məmmədov - APA-Sport. Ötən il Bakıda keçirilmiş dünya çempionatında Azərbaycan yığmasına 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazandıran belaruslu güləşçi Yuliya Radkeviç karyerasını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Belarus yığma komandasının baş məşqçisi Anatoli Yermak məlumat verib. Onun sözlərinə görə, artıq məşqçilik karyerasına başlayan Y.Radkeviçin iki həftə öncə oğlu dünyaya gəlib. A.Yermak 23 yaşlı pəhləvanın karyerasını bitirməsində böyrəyindəki problemin də rol oynadığını bildirib: “Belarusda böyrəyindəki problem üzündən Yuliyaya güləşməyi qadağan etmişdilər. Amma Azərbaycan tərəfi təki nəticə olsun deyə, səhhətinə məhəl qoymadan Radkeviçi dünya çempionatına buraxdı. Nəticədə Yuliya Azərbaycan yığmasına lisenziyanı qazandırdı və evinə qayıtdı. Daha sonra o, karyerasını başa vurdu”.
Azərbaycan yığmasının baş məşqçisi Nazim Əlicanov isə “APA-Sport” agentliyinə açıqlamasında belaruslu həmkarının ittihamlarını əsassız sayıb. Onun sözlərinə görə, Y.Radkeviç millimizin heyətinə Belarus Güləş Federasiyasının prezidenti Aleksandr Medved və A.Yermakın şəxsi razılıqları ilə cəlb olunub: “Biz Yuliyanı yığmamıza dəvət edərkən, onun böyrəyində problem olduğunu bilirdik. Amma federasiyamızın rəhbərliyi Radkeviçi istənilən ölkədə, hətta ABŞ-da müalicə etdirməyə hazır idi. Lakin Yuliya dünya çempionatında Pekin Olimpiadasına lisenziya qazanaraq, ölkəsinə yollandı. Sonradan hamilə olduğunu da bildikdən sonra onun əvəzinə Olimpiya Oyunlarına yollanacaq heyətə Yelena Komarovanı cəlb etdik. Əgər Belarus Güləş Federasiyası Radkeviçin qayğısına belə qalırdısa, niyə onun yığmamızda çıxışına icazə verirdi?”
0