Frantişek Jmuda: “Xəzər-Lənkəran”ı məğlub etməklə, qarşıya qoyulan məqsədə nail olduq”
01.08.2008 - 13:14
Frantişek Jmuda: “Xəzər-Lənkəran”ı məğlub etməklə, qarşıya qoyulan məqsədə nail olduq”
Poznan. Mehman Süleymanov - APA-Sport. “İlk növbədə bizi dəstəkləyən azarkeşlərə öz minnətdarlığımı bildirmək istəyirəm. Rəqib hesabı bərabərləşdirəndən sonra çətin anlarımız oldu”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ı UEFA kubokunda mübarizədən kənarlaşdıran Polşanın “Lex” klubunun baş məşqçisi Frantişek Jmuda deyib. Polşalı mütəxəssis bildirib ki, “Xəzər-Lənkəran” hesabda tarazlığı bərpa edəndən sonra komandası sınmayıb: “Futbolçular hesab 1:1 olandan sonra başlarını aşağı salmadılar. Əksinə, ikinci hissədə inamlı təsir bağışlayan yetirmələrim qolları sıralamağa başladılar. Qarşımıza qoyduğumuz məqsədə nail olduq və “Xəzər-Lənkəran”ı keçərək növbəti mərhələyə vəsiqə qazandıq. Ümid edirəm ki, növbəti mərhələdə də uğurla çıxış edəcəyik”.
“Xəzər-Lənkəran”dan isə oyun sonrası mətbuat konfransında baş məşqçi Ağasəlim Mircavadov yox, köməkçisi Tofiq Mustafayev iştirak edib. Komandamızın ikinci məşqçisi rəqibə UEFA kubokunda mübarizəni davam etdirməklə bağlı uğurlar arzulayıb: “İlk növbədə bizi Poznanda yaxşı qəbul etdiyinizə görə minnətdarlıq bildirmək istəyirəm. Oyunda əla atmosfer hökm sürürdü. Bir il öncə Çempionlar Liqasının birinci təsnifat mərhələsində rəqibimiz olan Zaqrebin “Dinamo” klubu da bizimlə mübarizədən sonra avrokuboklarda çox yaxşı təsir bağışladı. “Lex”ə də uğurlar, UEFA kubokunda daha çox irəliləməyi arzulayıram”.


0