Çinin Azərbaycandakı səfiri Pekin Olimpiadasına yollanacaq idmançılarımızla görüş keçirib
01.08.2008 - 18:35
Çinin Azərbaycandakı səfiri Pekin Olimpiadasına yollanacaq idmançılarımızla görüş keçirib
Bakı. Elşən Məmmədov - APA-Sport. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yollanacaq ölkəmizin nümayəndə heyəti ilə görüş təşkil edib. “APA-Sport” agentliyinin məlumatına görə, görüşdə Olimpiya yığmamızın üzvləri ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər idman rəsmiləri iştirak ediblər. Tədbiri açan Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Haycou ölkəsi üçün Pekin Olimpiadasının təkcə dünyanın ən mötəbər yarışı yox, həm də bütün dünya xalqlarının dostluğu, həmrəyliyi baxımından böyük önəm daşıdığını söyləyib. O, Pekinin 7 il öncə qarşıdakı Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələndikdən sonra ötən dövr ərzində Çinin ən uğurlu Olimpiada təşkil etmək üçün bütün qüvvəsini səfərbər etdiyini bildirib: “Bu səbəbdən, biz yaşıl Olimpiada keçirmək ideyasını irəli sürmüşük”. Azərbaycanı Çinə dost ölkə hesab edən C.Haycou iki xalqı Böyük İpək Yolunun birləşdirdiyini vurğulayıb. Ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət göstərildiyini söyləyən səfir regionlarımıza səfəri zamanı Olimpiya Komplekslərinin simasında irəliləyişi gördüyünü açıqlayıb. O, hətta bir neçə aparıcı idmançımız – Fərid Mansurov, Namiq Abdullayev, Nizami Paşayev, Aliyə Qarayeva və Rəşad Əhmədovun adını çəkib.
Azad Rəhimov isə Çinin ölkəmizdəki səfirinə gözəl təşəbbüs və ideya irəli sürməsi münasibətilə minnətdarlıq edib. O, rekord sayda – 44 idmançı ilə təmsil olunacaqları Olimpiadadan medallarla qayıdacaqlarına inandığını bildirib. Çinin paytaxtı Pekində bir neçə dəfə olduqlarını deyən nazir bütün ölkələrin idmançıları üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. A.Rəhimov yaradılan şəraitin idmançılarımızın yüksək nəticələr göstərməsinə köməklik göstərəcəyini söyləyib. O, bildirib ki, Bakı şəhəri də 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürərkən, Pekindəki kimi idman obyektləri tikmək istəyiblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Çinin ölkəmizdəki səfirinə bütün yığma komandamız adından təşəkkür edib. O, Olimpiya Oyunlarında yekun nəticədə Çin idmançılarına böyük miqdarda medal qazanmağı arzulayıb.
Bundan sonra C.Haycou Çinin ən təsirli içkisindən süzərək, ölkəmizin idman rəsmiləri ilə birgə idmançılarımızın uğurla çıxış etməsi şərəfinə badə qaldırıb. Ardından səfir nazir A.Rəhimovla stolüstü tennis oynayıb. Tədbirin sonunda isə onlar üzərində Olimpiya yığmamızın üzvlərinin sayı qədər – 44 şamın olduğu tortu kəsiblər.
0