Teymur Rəcəbov Qran-Pri turnirində ilk məğlubiyyətini alıb
04.08.2008 - 09:56
Teymur Rəcəbov Qran-Pri turnirində ilk məğlubiyyətini alıb
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, son iki oyun günü Azərbaycan qrossmeysterləri üçün uğurlu alınmayıb. Üçüncü tur çərçivəsində öz aralarında baş tutan derbidə heç-heçəyə razılaşan Teymur Rəcəbovla Vüqar Həşimov növbəti görüşdə də xal itkisi ilə üzləşiblər. T.Rəcəbov autsayderlər qrupunda qərarlaşan Pyotr Svidlerə (Rusiya) uduzub. V.Həşimov isə ardıcıl dördüncü heç-heçəni digər rusiyalı Aleksandr Qrişukla görüşdə rəsmiləşdirib. IV tur çərçivəsində qeydə alınan ən gözlənilməz nəticə Məhəmməd Əl Modiakinin (Qətər) çexiyalı David Navaranı məğlub etməsidir. İvan Çeparinov (Bolqarıstan) - Boris Qelfand (İsrail), Qata Kamski (ABŞ) - Levon Aronyan (Ermənistan), Sergey Karyakin (Ukrayna) - Vasili İvançuk (Ukrayna), Dmitri Yakovenko (Rusiya) - Van Yue (Çin) görüşlərində qalib müəyyənləşməyib. Dörd oyundan sonra turnir cədvəlinə 3 xalla İ.Çeparinov başçılıq edir. Onu 2,5 xalla A.Qrişuk izləyir. Həmyerlilərimizin hesabında 2 xal var. Bu gün IV turun oyunları keçiriləcək: A.Qrişuk - P.Svidler, D.Navara - D.Yakovenko, T.Rəcəbov - İ.Çeparinov, V.Yue - V.Həşimov, V.İvançuk - M.Ə.Modiaki, L.Aronyan - S.Karyakin, B.Qelfand - Q.Kamski.
0