Azərbaycan güləşçiləri dünya çempionatını 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar
04.08.2008 - 10:52
Azərbaycan güləşçiləri dünya çempionatını 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar
İstanbul. Elşən Məmmədov - APA-Sport. Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycan pəhləvanları 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar. Yeganə gümüş medala sərbəst güləşçimiz Cəbrayıl Həsənov sahib çıxıb. 66 kq çəkidə yarışan idmançımız CAR, Özbəkistan, Cənubi Koreya və Moldova təmsilçilərini yendikdən sonra finalda rusiyalı Maqomedmurad Hacıyevə uduzub. Baş məşqçi Arif Abdullayevin komandasında yer alan qalan 6 sərbəst güləşçidən Yaşar Əliyev (55 kq), Etimad Qurbanov (60 kq) və Aslanbek Alborov (84 kq) 5-cı olublar. Nicat Muradov (50 kq) 11-ci, Mixail Qazzayev (120 kq) 12-ci, Pərviz Məmmədov (74 kq) isə 13-cü yerlə kifayətləniblər. Ümumi komanda hesabında sərbəst güləş millimiz 46 ölkə arasında 27 xalla 6-cı yeri tutub. Yığmamız Rusiya, İran, Gürcüstan, ABŞ və Özbəkistandan geri qalıb.
Təmsilçilərimizdən ən yüksək nəticəni yunan-Roma güləşçilərimiz qazanıb. Baş məşqçi Ağalar Aslanovun yetirmələrindən Elvin Mürsəliyev (74 kq) qızıl, Hacıxan Mustafayev (60 kq) və Rafiq Hüseynov (66 kq) bürünc medala sahib çıxıb. Qadın güləşçilərimizdən isə yalnız Nadya Qradyuk (51 kq) bürünc medalla kifayətlənib. Ümumi komanda hesabında yunan-Roma güləşi üzrə millimiz 49 ölkə arasında Türkiyə və İrandan sonra 3-cü, qadın güləşi üzrə yığmamız isə 32 ölkə arasında 13-cü olub.
0