Ağayar Axundzadə: «Elnur Məmmədli adi idmançı deyil»
12.08.2008 - 11:02
Ağayar Axundzadə: «Elnur Məmmədli adi idmançı deyil»
Pekin. Elşən Məmmədov – APA-Sport. «Elnur Məmmədlidən bu cür gözəl qələbəni gözləyirdim. Çünki o, adi idmançılardan deyil». «APA-Sport» agentliyinin məlumatına görə, bu sözləri Gənclər və İdman Nazirliyinin rəsmi saytına açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib. Təcrübəli mütəxəssis Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçumuz Elnur Məmmədlinin ikiqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı olduğunu xatırladıb. Onun sözlərinə görə, E. Məmmədlinin yer aldığı 73 kq çəki dərəcəsindəki 33 idmançının hər biri güclü idi. Baş məşqçi Avropa ölkələri arasında kişi cüdoçuların mübarizəsində ilk medalı məhz azərbaycanlı idmançının qazandığını vurğulayıb. O, həmçinin, Elnurun qələbəsini bütün Azərbaycan xalqının qələbəsi kimi dəyərləndirib.
0