Azərbaycan şahmatçısı Vüqar Həşimov Qran-Pri turnirində 23 oyundan sonra məğlubiyyətlə üzləşib
13.08.2008 - 10:39
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində XI turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda Azərbaycan milli komandasının üzvləri qələbə qazana bilməyiblər. Teymur Rəcəbov ukraynalı Vasili İvançukla heç-heçə oynayıb. Vüqar Həşimov isə ukraynalı Dmitri Yakovenkoya uduzub. Beləliklə, hər iki şahmatçımız liderlik mövqelərini əldən veriblər. Qran-Prinin turnirinin ilk mərhələsini də nəzər alsaq, bu, V.Həşimovun 23 oyundan sonra ilk məğlubiyyəti kimi yadda qalıb. Digər görüşlərdə Levon Aronyan (Ermənistan) Boris Qelfanda (İsrail), Sergey Karyakin (Ukrayna) İvan Çeparinova (Bolqarıstan), Pyotr Svidler (Rusiya) isə Məhəmməd Əl Modiakiyə (Qətər) qalib gəlib. Van Yue (Çin) - Qata Kamski (ABŞ), David Navara (Çexiya) - Aleksandr Qrişuk (Rusiya) qarşılaşmalarında heç-heçə qeydə alınıb. Hazırda turniri cədvəlinə 7 xalla L.Aronyan başçılıq edir. T.Rəcəbov liderdən 0,5, V.Həşimov isə 1 xal geri qalır. Bu gün XII turun oyunları keçiriləcək: T.Rəcəbov - L.Aronyan, B.Qelfand - S.Karyakin, A.Qrişuk - V.İvançuk, İ.Çeparinov - M.Ə.Modiaki, V.Yue - D.Navara, Q.Kamski - V.Həşimov, P.Svidler - D.Yakovenko.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0