Amerikalı üzgüçü Maykl Felps Pekin OLimpiadasında 8-ci qızıl medalını qazanıb
18.08.2008 - 11:45
Pekin. Elşən Məmmədov – APA-Sport. ABŞ üzgüçüsü Maykl Felps Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında 8-ci qızıl medalını qazanıb. «APA-Sport» agentliyinin məlumatına görə, 23 yaşlı idmançı bu uğura 4X100 metr məsafəyə 4 nəfərlik estafet komandasının tərkibində kompleks üzgüçülük növündə nail olub. ABŞ komandası 3:29.34 dəqiqə nəticə ilə yeni dünya rekorduna imza atıb. Olimpiadada 8-ci qızıl medalını qazanan Maykl Felps bu göstəriciyə görə 1972-ci il Münhen Olimpiadasında 7 qızıl medala sahib çıxmış həmyerlisi Mark Spitsi arxada qoyub. Hələ Pekin Yay Olimpiya Oyunları öncəsi ABŞ üzgüçüsü 8 qızıl medal qazanaraq, M. Spitsin rekordunu keçməyi qarşısına məqsəd qoyduğunu açıqlamışdı. 2004-cü il Afina Olimpiadasında 6 qızıl medala yiyələnmiş M. Felps məqsədinə nail ola bilməyib. Pekində isə o, 4X100 metr məsafəyə kompleks üzgüçülüklə yanaşı, 400 metr məsafəyə kompleks, 200 metr məsafəyə sərbəst, batterflay və kompleks üzgüçülük, 100 metr məsafəyə batterflay, 4X100 metr və 4X200 metr məsafələrə sərbəst üsulla estafet yarışlarında da I yeri tutub. Yalnız 100 metrlik məsafəyə batterflay üzgüçülük istisna olmaqla, qalan yarışların hamısında M.Felps yeni dünya rekordlarını müəyyənləşdirib. Karyerası ərzində ümumilikdə 14 dəfə Olimpiya çempionu olan amerikalı üzgüçü Olimpiadalar tarixində ən titullu idmançı sayılır. O, ümumilikdə 32 dəfə dünya rekordu müəyyənləşdirib.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0